“Avstriya toplanışında taktiki çalışmalara daha çox üstünlük verilir. Bu, üç həftə sonra “Qəbələ” ilə keçiriləcək ilk oyuna qədər ən vacib tapşırığımız olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar”ın baş məşqçisi Mixael Boris deyib.
Almaniyalı mütəxəssis Macarıstan mətbuatına açıqlamasında komandasının hələ tam hazır olmadığını etiraf edib: “Qəbələ”yə qarşı hansı heyəti buraxacağımı indidən deyə bilmərəm. Çünki milli komandalarda çıxış edən futbolçular düşərgəmizə yeni qoşulublar. Buna görə də, oyunçuların fiziki durumları bir-birindən fərqlidir. “Qəbələ” ilə matçın heyətini formalaşdırmaq üçün hələ üç həftə vaxtımız var”.
47 yaşlı çalışdırıcı əsas hədəflərinin Azərbaycan klubunu üstələmək olduğunu vurğulayıb: “Konfrans Liqasında ilk hədəf Azərbaycan klubunu keçməkdir. Hələlik bundan uzağa baxmağa dəyməz. “Qəbələ”ni məğlub edənə qədər növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdır. Ayın 21-dəki görüşə qədər klub nümayəndələrindən biri Azərbaycan komandasını təhlil edəcək ki, ən yaxşı səviyyədə hazır olaq. Əgər komanda oyunu göstərsək və heyətə xas keyfiyyət ortaya qoysaq, qalib gələcəyik”.
Qeyd edək ki, “Qəbələ” ilə “Fehervar” arasında oyunlar iyulun 21-də və 28-də keçiriləcək.