Millətlər Liqasının IV turunun Azərbaycan – Belarus matçından öncə rəqib komandanın baş məşqçisi Georgi Kondratyev mətbuat konfransında çıxış edib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis sabah keçiriləcək oyunla bağlı bunları deyib:
- Bakıya hansı hansı istəklə gəlmisiz?
- Bütün oyunlara eyni istəklə yanaşırıq. Hər oyunda istəyimiz eynidir. Bakıya da eyni istəklə gəlmişik.
- Sabah Azərbaycan millisinə qalib gələ biləcəksiz?
- Bir neçə gün əvvəl Azərbaycanla oynamışdıq. Millinizi yaxşı tanıyırıq. Eynigüclü komandalardır. Qrupun digər komandaları da eyni güclüdürlər. Bu cür matçlarda oyunun taleyini kiçik epizodlar həlledici olur.
- Həmyerliniz Aleksey Baqa “Sumqayıt”da çalışır. Onunla fikir mübadiləsi aparmışdınız?
- Onunla danışmaq imkanı var idi. Amma mən yox, köməkçilərim danışıb.
- Uğursuz nəticələrə görə Azərbaycanda həm baş məşqçi Canni de Byazi, həm də milli tənqid edilir. Sizdə də eyni vəziyyətdir?
- Bizdə də vəziyyət eynidir. Kifayət qədər tənqid çoxdur. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisini çalışdırıram.
- Bütün komandalarla artıq qarşılaşmısınız. Qrupdakı ilkin sıralamanı necə görürsüz?
- Sabah çox vacib oyun olacaq. Ümumiyyətlə, sabah çox şeyi həlledici hesab edirəm. Çünki ikinci dövrəyə başlayırıq. Hələ ki, heç nə aydınlıq gəlməyib.
- Sizi yaxşı hücumçu kimi tanıyırıq. Bakı səfərlərini necə xatırlayırsınız? “Neftçi”də sizin üçün ən arzuolunmaz müdafiəçilər kimlər var?
- Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadə, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan deyildi. Hətta bəzi futbolçularınızla dostluq münasibətim var. Bu sırada İsgəndər Cavadovun adını çəkə bilərəm. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdur.