Məşhur “Guardian” nəşri 2005-ci il təvəllüdlü ən istedadlı 60 futbolçunun adını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, siyahıda Türkiyənin 2 futbolçusu yer alıb.
Bunlar “Fənərbaxça”nın yarımmüdafiəçisi Arda Güler və “Yuventus”un pleymeykeri Kenan Yıldızdır.
Argentina, Braziliya, Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya kimi aparıcı futbol ölkələrinin bir neçə gənc oyunçusunun böyük perspektiv vəd etməsi normal haldır. Diqqətçəkən məqam dünyanın ən istedadlıları sırasında gürcüstanlı, ermənistanlı, hindistanlı, qırğızıstanlı və mavritaniyalı futbolçunun göstərilməsidir. Halbuki, xüsusən də, son üç ölkənin futbolunun varlığı ilə yoxluğu çoxlarına məlum deyil. Buna rəğmən adıçəkilən ölkələr istedadlı oyunçular yetişdirməyi bacarırlar.
Əvəzində azərbaycanlı futbolçular “60-lığ”ın heç yaxınlığına da düşə bilməyib. Necə düşsün? Axı Premyer Liqanın geridə qalan 7 turunda 2005-ci il təvəllüdlülərdən cəmi ikisi meydana çıxmaq şansı əldə edib. “Neftçi”nin müdafiəçisi bir oyunda 70 dəqiqə, “Zirə”nin yarımmüdafiəçisi Ramiz Muradov bir görüşdə cəmi 1 dəqiqə meydanda qala bilib.
Bu tip siyahılar başqa ölkələrlə müqayisədə Azərbaycan futbolunun hazırkı durumunu açıq şəkildə ortaya çıxarır.