Hüseyn Məhəmmədov: "Bu legionerləri "Neftçi"yə necə götürüblər?" - Açıqlama
18.01.2024 - 21:02
Hüseyn Məhəmmədov: "Bu legionerləri "Neftçi"yə necə götürüblər?" - Açıqlama

“Əksəriyyəti "Neftçi"yə layiq futbolçular deyil, onları heç komandaya götürməməliydilər, bu legionerləri "Neftçi"yə necə götürüblər?”

Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin veteran qolkiperi Hüseyn Məhəmmədov deyib. Sabiq futbolçu “ağ-qaralar”ın Türkiyə toplanışını şərh edib.

Bununla yanaşı, o, paytaxt təmsilçisindən Premyer Liqanın ikinci hissəsində hansı nəticəni gözlədiyini açıqlayıb: "Neftçi"nin yoxlama görüşlərində buraxdığı qolları gördüm, tam oyunlara baxmamışam. Toplanışdır, bu dövrdə nəticə önəm daşımır. Amma o qədər də deyil. Bir zamanlar - mən də oynadığım dönəmdə keçdiyimiz toplanışlarda yaxşı nəticələrlə geri dönəndə, istər-istəməz komandanın əhval-ruhiyyəsi, çempionata hazırlığı yüksək səviyyədə görünürdü. Toplanışdakı nəticələr buna birbaşa təsir edir. Toplanışda nəticələr o qədər önəmli olmasa da, "Neftçi"nin məğlub olaraq geri dönməsi onu göstərir ki, mövsümün ikinci yarısına tam hazır deyillər. Çempionatda bir neçə oyundan sonra komandanın hansı formada olduğunu görəcəyik. Az qalıb, liqa başlasın, onda tam fikir söyləmək olar".

Millinin keçmiş qapıçısı həm də Miodraq Bojoviçin "ağ-qaralar"a keçidini dəyərləndirib: "Məşqçinin komandanı tanıması üçün bir təlim-məşq toplanışı bəs edər. Miodraq Bojoviçin "Neftçi"sinin Adrian Mutunun "Neftçi"sindən fərqli olmasına gəlincə, bu, bir az çətindir. Çünki eyni futbolçulardır. Düzdür, bəzi oyunçular  komandanı tərk edib, bir yeni vinger gəlib. İnanmıram ki, fasilədən sonra fərqli "Neftçi" görək. Klubun hansı formada olması, hansı dəyişikliyi olmasını qış fasiləsindən sonrakı oyunlarda görəcəyik. İndidən nəsə demək olmur. Türkiyə toplanışındakı nəticələr hardasa öz sözünü dedi. Amma gözləyək”.

50 yaşlı qolkiper klubun transfer siyasətini tənqid edib: “Yayda gətirilən Aaron Olanare özünü yaxşı tərəfdən göstərə bilmədi. Keyfiyyətsiz hücumçu idi. Ümumiyyətlə, gələn legionerlərin çoxu "Neftçi"yə layiq, uyğun futbolçular deyil. "Neftçi"nın adı-sanı var. Bu klub hər zaman "flaqman"dır. Çempionluq uğrunda mübarizə aparan komanda olub. Heyətə yaxşı futbolçular cəlb olunmalı idi. Əksəriyyəti "flaqman"a layiq deyil, heç komandaya götürməməliydilər. Bu legionerləri "Neftçi"yə necə götürüblər? Hər halda, klub rəhbərliyi də hardasa bir gün bu haqda həmin işə cavabdeh olan insanlara o sualı verəcəklər. İnanıram ki, rəhbərlik bunu edəcək. Alfa Konteyə gəlincə, "Lokomotiv" Bolqarıstanda elə adlı-sanlı, nəticə verən komanda deyil, "Ludoqorets" deyil də. Bu futbolçu 6-7-ci yerdə gedən Bolqarıstan komandasından "ağ-qaralar"a cəlb olunursa, inanmıram ki, o səviyyədə futbolçu olsun. "Neftçi" adlı-sanlı klubdur, "flaqman"dır. Bura adlı-sanlı futbolçunun gətirilməsi daha yaxşı olardı. Zaman gəldikdə rəhbərlik götür-qoy edəcək və bu yanaşmaları sorğu-sual edəcək. Buna inanıram. Açığı, klub rəhbərliyini qınamaq olmaz. 10-11 futbolçu cəlb edilib komandaya, onlar da özlərini doğrultmur, nəticə də göz qabağındadır. Bundan sonra o futbolçuları dəyişmək də çətin olacaq. Çünki hər birinin müqaviləsi var, onların ödənişlərini etmək lazımdır. Yenidən bir neçə oyunçu gətirmək də çox çətindir. Bir-iki oyunçu gətirərlər. Gətirsələr də, gərək ona fikir versinlər, həmin futbolçu nə səviyyədədir, komandaya layiqdirmi? "Neftçi" üçün vuruşan, əziyyət çəkmək bacarığında olan oyunçular lazımdır. Rəhbərlik zamanında lazımı səviyyədə pul ayırdı, oyunçular cəlb etdi. Amma onlar özlərini doğrultmadı. Lakin onları göndərib, əvəzinə yenidən oyunçu gətirmək üçün yenə pul lazımdır. Düzgün də deyil, alınmaz da. Alınsa, bundan sonra ancaq 1-2 futbolçu gətirərlər. Eşitmişəm ki, gətirmək istəyirlər. Oyunçularla bağlı diqqətli olmalıdırlar".

writer photo
Əlirza Əlirzalı
0