"Əziz idmançılar. Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır".
APA xəbər verir ki, bunu Prezidenti İlham Əliyev avqustun 22-də V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı çıxışında bildirib. Dövlət başçısı deyib ki, V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir:
“Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər.
Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib”.