İradə Quliyeva: “Millimiz layiq olduğu yerdədir" - Müsahibə
03.11.2023 - 15:43
İradə Quliyeva: “Millimiz layiq olduğu yerdədir" - Müsahibə

Azərbaycan millisinin sabiq futbolçusu, əməkdar məşqçi İradə Quliyevanın apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı çıxışını yəqin ki, izləyirsiniz. Farer adaları və Monteneqro üzərində qələbələri necə dəyərləndirirsiniz?
- Hər iki oyunu  izləmişəm və çox yüksək qiymətləndirirəm. Qızlarımız çox gözəl oyun nümayiş etdirdilər, onları təbrik edirəm. Bu, Azərbaycan qadın futbolu üçün böyük bir uğurdur. Oyunlar sübut edir ki, milli qadın futbolumuz inkişaf edir.

- Monteneqro heç də zəif komanda deyil. Deyə bilərik ki, millimiz artıq iddialı yığmalardandır?
- Razıyam, Monteneqro zəif komanda deyil. Amma milli komandamız taktiki cəhətdən çox güclü oyun nümayiş etdirdi. Yığmamızın məşqçi qrupu çox güclüdür. Həmçinin, bu qələbə oyunçuların əzmkarlığının və özlərinə inamının nəticəsidir. 

- Hazırda millimiz qrup lideridir. Qrupda bizə rəqib ola biləcək əsas komanda hansıdır?
- Qarşılaşdığımız hər bir komanda güclü rəqib sayılır. Qrupda isə daha güclü rəqib olaraq Monteneqronu görürəm. Hal-hazırda isə millimiz layiq olduğu yerdədir. 

- Sizin oynadığınız yığma ilə indiki arasında fərq çoxdur?
- Milli komandanın keçmiş kapitanı kimi müqayisəni çox rahat izah edə bilərəm. Əvvəlki illərdə Azərbaycan heç bir liqa üzrə ölkə çempionatı keçirmirdi. O zaman milli komanda sırf ''Gömrükçü'' klubu üzərində qurulmuşdu. Bir klub üzərində qurulmuş milli üçün əlbəttə ki, yaxşı nəticə göstərmək çətin idi. İndi isə ölkəmizdə qadın futbolu çox inkişaf edib. Hər liqa üzrə ölkə çempionatı keçirilir. Həmçinin, əvvəllər millinin oyunçu seçimi demək olar ki, sıfır dərəcədə idi. İndi isə komandaların sayı yetərincə çoxdur. Bu da milli komandanın işini xeyli yüngülləşdirir. Qızlarımızın yarıdan çoxu, demək olar ki, xarici klublarda çıxış edirlər, bu çox sevindirici haldır. 

- Sizcə komandamızın ən çətin qarşılaşması hansı ölkə təmsilçisi ilə olacaq?
- Hesab edirəm ki, millimiz ən çətin oyunları geridə qoyub. Buna görə də, qrupdan çıxacağımıza heç bir şübhəm yoxdur. Komandamız üçün gələcək oyunlar üçün çətin rəqib görmürəm. Millimiz hal-hazırda çox güclü səviyyədədir. 

- Kiprə qarşı oyundan gözləntiniz nədir?
- Ancaq qələbə! Gələcək oyunlarda da milli komandamıza uğurlar arzu edirəm. Qələbələrimiz çox olsun.

- Sizcə qadın futbolunun inkişafı üçün hansı addımlar atılmalıdır? Mövcud problemlər nələrdir?
- Qadın futbolunun inkişafı üçün hər bir addım atılıb. İndi ancaq nəticə vermək lazımdır. Azərbaycan çempionatında klublara sponsor lazımdır. Klublar qadın komandalarına dəstək olsalar, düşünürəm ki, heç bir problem qalmaz.

writer photo
Əlirza Əlirzalı
0