“Neftçi"nin qapıçısı İvan Brkiç Misli Premyer Liqasının IV turunun "Qəbələ" ilə matçından (2:0) sonra jurnalistlərə müsahibə verib.
Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper qarşılaşma və çempionatın startı barədə fikirlərini açıqlayıb.
- Rza Cəfərov qırmızı vərəqə aldığı üçün oyuna sonradan qoşuldun. Matçı necə dəyərləndirirsən?
- Rzaya görə çox məyusam. Biz ona dəstək olmalıyıq. Məşqlərimizi davam etdirməliyik. Təcrübəmə görə sonradan meydana daxil olmaq mənim üçün çətin olmadı, oyuna köklənə bildim.
- Matçdan sonra Rzaya dəstəyini bildirdin?
- Bəli. Paltardəyişmə otağında onunla danışdım, dəstək oldum. Başa saldım ki, mənim karyeramda da belə hadisələr olub. Rza həqiqətən yaxşı qapıçıdır. Üzərində daha çox işləməlidir. Biz də dəstək olmalıyıq ki, mükəmməl qolkiper olsun.
- Son iki oyunda ehtiyatda qalmağından narahat deyilsən?
- Bunun mənə heç bir mənfi təsiri yoxdur. Burada içi mən qarışıq hamı "Neftçi" üçün çalışır. Məşqçi mənə nə vaxt şans versə, meydana çıxıb oyunumu göstərməliyəm. Baş məşqçi məni hücumçu mövqeyinə qoysa, orada da oynamalıyam. Mən İvan Brkiç olaraq öz üzərimdə daha çox çalışmalıyam ki, hər zaman yaxşı olum.
- İlk qələbənizi 4-cü turda qazandınız. Bu haqda nə deyə bilərsən?
- Açığı, mövsüm başlayanda belə olacağını düşünmürdük. Hər məşqdə öz üzərimizdə daha çox işləməliyik ki, yaxşı nəticələr əldə edək.
- Komandanın relsə düşməsi üçün nə qədər vaxt lazımdır?
- Belə bir formula yoxdur ki, deyim bu qədər müddətdən sonra komanda relsə düşəcək. Biz hər məşqi gərgin edirik ki, yaxşı nəticələr əldə edək. Bu, bir az vaxt alan məsələdir. Məşqçilər heyəti ilə birlikdə var gücümüzü qoyuruq ki, daha yaxşı olaq. Əlbəttə ki, qələbə qazananda özünəinamımız artır.
- "Qəbələ" ilə kubokun finalı "Neftçi" üçün uğursuz olmuşdu. Bu, qələbə üçün sizə əlavə motivasiya verirdi?
- Hər oyun önəmlidir. Keçmişdə ilişib qalmırıq. Hər matç üçün motivasiyamız var.
- Çoxları deyir ki, son illərin ən maraqlı və gərgin mövsümü olacaq. Geridə qalan dörd tur bunu deməyə əsas verir?
- Bəli, maraqlı olacağını düşünürəm. Klublar transferlər edib, heyətləri güclənib. Bu da çempionatın səviyyəsini artırır, rəqabət daha da güclənir. Ötən ilə baxanda gərgin mövsüm olacaq.