"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin II turunun "Malmö" ilə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, qarşılaşma barədə fikirlərini bildirən braziliyalı daha sonra media nümayəndələrinin suallarını cavablandırıb:
"Bizi çox önəmli oyun gözləyir. Çünki bütün ölkə, şəhər, azarkeşlər və komandamız üçün önəmli oyundur. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
- Üç oyundur ki, avrokuboklarda fərqlənə bilmirsən. Bunu nə ilə bağlıdır?
- İmkanlar olsa da, istifadə edə bilmirəm. Bütün bunları aradan qaldırmağın bir yolu var. Məşqlərdə əzmlə çalışmaq. Baş məşqçimiz də mənə kömək edir ki, daha məhsuldar olum, komandaya çox xeyrim dəysin.
- Hər futbolçu sözsüz ki, Çempionlar Liqasında oynamaq istəyər. Sən də bunu çox istəyirdin. Amma elə alındı ki, Avropa Liqasında çıxış edirsiniz. Bunun motivasiyası fərqli deyil ki? Əvvəlki Juninyonu görə biləcəyik? Məyusluq dövrünü keçmisən, ya yox?
- Çempionlar Liqası qitənin ən nüfuzlu klub turniridir. Mənim də orada oynamaq arzumdur. Amma Avropa Liqasında oynamağı da arzulamışam. Bu yarışlarda fərq görmürəm. Eyni motivasiya, eyni istək var. Eyni Juninyonu görmək istəyirsiz. Bu futboldur. Bəzən uğursuzluq seriyası olur, top qapıya getmək istəmir. Bu çatışmazlığı aradan qaldırmaq üçün məşqlərdə daha çox işləmək lazımdır. Əsas odur ki, yanımdakı insan, baş məşqçimiz mənim işimə inanır, mən də özümə güvənirəm. Ümid edirəm ki, tezliklə qollar gələcək. Əvvəlki və indiki Juninyo arasında fərq yoxdur. Elə həminkiyəm, dəyişməmişəm. Qoldan çox, yaxşı oynamağı fikirləşirəm. Qollar da daha çox işləməyin nəticəsidir".