“Komandamın oyunundan qürur duyuram”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib.
Braziliyalı legioner Avropa Liqasının qrup mərhələsinin “Frayburq”la oyunundan sonra jurnalistlərə açıqlama verib: “Son matçadək qrupdan çıxmaq şansımızı saxlayırdıq. Bugünkü oyunda sonadək mübarizə apardıq. Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir. Çox qol vəziyyətləri yaratdıq. Təəssüf ki, istifadə edə bilmədik. Amma rəqib yararlandı. Ümumi götürəndə komandanın əldə etdiklərini müsbət qiymətləndirirəm”.
Kadi qol imkanlarının qaçırılmasına da münasibət bildirib: “Bu suala necə cavab verəcəyimi bilmirəm. Bəlkə texniki çatışmazlıqdır, yoxsa bəxtsizlikdir. Bunu izah edə bilmirəm. Bəzən elə olur ki, yanlış qərar verirsən, amma qolla nəticələnir. Bəzən isə doğru etdikdə qol vurmaq imkanın olmur. Çıxış yolu işləməkdir. Daha çox işləməliyik”.
Borqes əvvəl Çempionlar Liqası, ardınca Avropa Liqasında “Barselona” ilə qarşılaşmaq imkanının qaçırılması, əvəzində Konfrans Liqasına yuvarlanmağa da münasibət bildirib: “Bunlar hamısı ehtimallardır. Amma reallıq Konfrans Liqasıdır. Görək bəxtimizə hansı komanda düşür”.
Qeyd edək ki, 1:1 hesablı heç-heçə edən “Qarabağ” 2-ci pilləni əldən verərək Konfrans Liqasına düşüb.