"Kəpəz"in kapitanı Yusif Nəbiyevin apasport.az saytına müsahibəsi
- Son turda evdə "Səbail" üzərində qələbə qazanmağı bacardınız. Halbuki bu matçda xal əldə etmək daha ağırda durumda olan "Səbail" üçün vacib idi. Oyunla bağlı nə deyə bilərsiz?
- Qələbə bizə də hava-su kimi lazım idi. Doğrudur, çətin oldu. Amma sonda sevinən tərəf özümüz idik.
- Son vaxtlarda daha çox müzakirə edilən məsələ Gəncə şəhər stadionunun ot örtüyünün bərbad durumda olmasıdır. Orada oynamağa davam etsəniz, çıxışınıza və nəticəyə təsir edə bilər?
- Bu gün üçün əlimizdən bir şey gəlmir. Bizim edəcəyimiz bir şey yoxdur. Fakt odur ki, şəraitimiz budur. Biz də istəyirik ki, yaxşı stadionda oynayaq. Lakin bu gün bəhanə etməyə haqqımız yoxdur. Pis də olsa, yaxşı da olsa, əlimizdən gələni edəcəyik ki, Premyer Liqada qalaq.
- Ola bilər ki, mövsümün qalan ev oyunlarını Bakıda keçirəsiniz?
- Bu haqda bir şey bilmirəm. Yəqin ki, mütəxəssislər baxıb qərar verəcək. Hansı qərarı versələr, hörmətlə yanaşacağıq. Onu da deyim ki, stadionda iş gedir. Bəlkə də düzəldi. Düzəlsə, lap yaxşı olar ki, öz azarkeşlərimizin qarşısında, onların dəstəyi altında oynayaq.
- Növbəti turdakı rəqibiniz çempionluğu böyük ölçüdə həll edən "Qarabağ"dır. Onlarla oyunda xal qazana biləcəksiz?
- "Qarabağ"la oyunumuz çətin olacaq. Çünki rəqibin kimliyini hamımız bilirik, nəyə qadir olduğundan xəbərdarıq. Ancaq mümkünsüz heç nə yoxdur. Futbolda hər şey mümkündür. Sona qədər oynayacağıq.
- "Kəpəz" çempionatın yaxşı futbol oynayan 3-4 komandasından biri hesab edilir. Komanda haqda fikirlər müsbətdir. Bu sizə motivasiya verir?
- Bu fikir komanda olaraq bizi sevindirir. Oyunumuz bəyənilir, bu da əziyyətimizin bəhrəsidir. Ancaq asan deyil. Əlbəttə ki, çəkdiyimiz əziyyətimizin qarşılığıdır. Fiziki baxımdan sıxıntımızın olduğunu deməzdim. Çünki oyunlarda son dəqiqələr belə, güc tapıb, sürətli hücuma keçə bilirik.
- "Qarabağ"a qarşı bu mövsüm yaxşı oyunlarınız olub. Gəncədə bərabərə qaldınız, Bakıda uduzsanız da yaxşı futbol nümayiş etdirmişdiniz. "Qarabağ" isə bu mövsüm uduzmayıb. “Kəpəz” onları məğlub etməklə, bunu rəsmiləşdirə bilər?
- Bütün komanda olaraq "Qarabağ"la matçda qalib gəlmək istəyirik. Sadəcə, reallıqlar var. Bu gün "Qarabağ"a qalib gəlmək o qədər də asan deyil. Bu, işin real tərəfidir.
- Demək olar ki, "Kəpəz" Premyer Liqada qalmaq məsələsinin öhdəsindən böyük ölçüdə gəlib?
- "Kəpəz" Premyer Liqada qalmaq yolunda yaxşı şans əldə edib. Ancaq hələ qarşıda oyunlar var. Heç kimdə arxayınlıq yoxdur ki, artıq liqada qalmışıq. Qarşıdakı oyunlarda maksimum dərəcədə ehtiyatlı olmalıyıq ki, yüksək liqada yerimizi qoruyaq.