Krakovda ilk medalımızı təmin edən karateçi: “Bu, hələ son deyil”
22.06.2023 - 16:36
Krakovda ilk medalımızı təmin edən karateçi: “Bu, hələ son deyil”

"Yarışa gəlmək üçün çox böyük əziyyət çəkmişik. Avropa Oyunlarına vəsiqə qazanmaq üçün ötən ildən reytinq xalları toplayırıq”. 

Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında ən azı bürünc medalı təmin edən Azərbaycan karateçisi Tural Ağalarzadə (67 kq) deyib.

O bildirib ki, Krakov-2023-ə lisenziyaya sahib olmaq üçün xalların sayına görə Avropa birincisi seçilib və sonuncu qitə çempionatında bürünc medal qazanıb: "Karyeramın dönüş nöqtələrindən hesab etdiyim Avropa Oyunlarında debüt etdim. Əvvəlki yarışlara zədə səbəbindən qatıla bilməmişdim. Bu gün buradayam. Qrupda 3 görüş keçirdim. Hər üçü kifayət qədər ciddi rəqiblər idi. Sevindirici haldır ki, döyüşlərim rahat keçdi".

Ağalarzadə qeyd edib ki, yarımfinal və final barədə də nikbindir: “Həmin görüşləri qələbə ilə başa vurmaq istəyirəm. Bu, hələ son deyil. Finalda görüşərik".

Qeyd edək ki, karateçimiz yarımfinalda polşalı Miloş Sabieçki ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:20-da start götürəcək. 

writer photo
Əlirza Əlirzalı
0