Misli Premyer Liqasının ilk turunun son oyun günündə baş tutan "Sabah - "Şamaxı" görüşündə tərəflər hərəyə 1 xalla kifayətlənib.
Apasport.az xəbər verir ki, "bayquşların" baş məşqçisi Krunoslav Renduliç oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- “Şamaxı”nı bir xala görə təbrik edirəm. Demək olar ki, bu oyunun taleyini birinci hissədə həll etməliydik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın çərçivəyə iki zərbəsi oldu, onlar da qolla nəticələndi.
- “Sabah”ın müdafiəsinin bu qədər səhvlərə yol verməsinin, “Şamaxı”dan iki qol buraxmağınızın səbəbləri nədir?
- Bir şeyi nəzərə almaq lazımdır ki, “Makkabi” ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental cəhətdən çox yorulmuşdular. Dünyada da belədir, bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündür.
- Onda belə çıxır ki, hazırkı heyət həm avrokuboklarda, həm də daxili oyunlarda oynamaq üçün yetərli deyil?
- Bəhanələrə sığınmaq istəməzdim. Bu gün üç qırmızı vərəqəyə və zədələrə görə, oyunu buraxan futbolçularımız var idi. Oynamayan oyunçular meydana çıxdı. Mən onların performansından da razı qaldım. İlk onbirlikdə birdən-birə 6-7 oyunçu dəyişmək çətindir. Çünki bu qədər oyunçu dəyişikliyi edəndə, oyunundakı kimya da itir. Amma başqa variantlarımız da yox idi.
- Qarşıda sizi “Sent-Patriks”ə qarşı İrlandiya səfəri, daha sonra çempionatda önəmli görüş gözləyir. Mövsümün əvvəlində itirilən xallar sonda qızıldan da qiymətli olacaq.
- Biz elə danışmayaq ki, sanki sezon bitir. Onsuz da, hamı xal itirəcək. Hələ ki, sezonun əvvəlidir. Gələcəyə oyun-oyun yanaşsaq, daha yaxşıdır. Çünki sabah və ya 7 gündən sonra nə baş verəcəyini bilmirik.