“Simurq”un sabiq belçikalı futbolçusu Benjamin Lambotun apasport.az saytına müsahibəsi
- "Qarabağ" Konfrans Liqasının pley-offunda "Gent"lə ilk matçını qələbə ilə başa vurdu. Sənin bu oyundan gözləntin nə idi?
- İki komanda arasında fərq o qədər də çox deyildi. Ona görə də evdə oynayan tərəf bir az üstünlüyə malik olacaqdı. "Qarabağ" da rəqibini doğma azarkeşləri qarşısında qəbul etdiyi üçün nəticə böyük sürpriz deyildi.
- Səncə, kim yaxşı oynadı?
- Oyunun ağır keçəcəyi bəlli idi. Qapılar qarşısında o qədər də çox qol epizodu olmadı. Çünki hər iki komanda etibarlı müdafiə olunurdu. Həqiqətən maraqlı və yaxşı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı, sonda qalib gələn isə "Qarabağ" oldu.
- Əvvəllər artıq tarixin yaddaşına qovuşan "Simurq"la "Qarabağ"a qarşı oynamısan. O vaxtkı, yoxsa indiki "Qarabağ" güclü görünürdü?
- Bu dəfə meydanda deyildim. “Qarabağ” həmişə Azərbaycanın ən yaxşı komandası olub. İndi də güclüdürlər.
- Bakıda 0:1 hesabı ilə uduzduqdan sonra belçikalıların şanslarını necə dəyərləndirirsən?
- Əslində, bu nəticədən sonra da "Gent" in növbəti mərhələ şansı qalır. Hər halda, cütün taleyinə Belçikadakı görüşdə aydınlıq gətiriləcək. Ona görə də düşünürəm ki, buradakı cavab qarşılaşması daha maraqlı və gərgin alınacaq. Necə olacağını birlikdə görəcəyik.
- Yəni, Bakıdakı məğlubiyyətinə baxmayaraq "Gent"in evdə lazım olan qələbəni qazanaraq növbəti mərhələyə adlayacağına inanırsan?
- "Gent" üçün öz meydanında hər şey mümkündür. Hər halda cavab oyunudur və onlar da növbəti mərhələyə adlamaq istəyir. Bunun üçün isə sona qədər mübarizə aparacaqlar. Proqnoz vermək çox çətindir.