“Oyunun ikinci hissəsinin əvvəlindən narazı qaldım”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı mütəxəssis Konfrans Liqasının “Aris”lə Kiprdəki matçı barədə fikirlərini açıqlayıb: “Biz meydana daxil olduqdan sonra futbolçular pis reaksiya verdilər. İlk yarıda qol vura bilərdik. İndi analiz etmək çətindir. Onlarla söhbət etmişəm. Demişəm ki, Bakıda daha yaxşı hazırlaşmalıyıq. “Aris”i təbrik edirəm. Amma cavab oyunumuz var. Azarkeşlərimizlə birlikdə qələbə qazanmağa, mərhələ adlamağa çalışacağıq”.
47 yaşlı mütəxəssis cavab görüşü barədə də danışıb: “Fiziki cəhətdən hər şeyin qaydasında olduğunu düşünürəm. Bakıda daha çox mübarizə aparmalıyıq. Həmin qarşılaşma fərqli olacaq. Daha aqressiv olmalıyıq. Rəqib qapısına qollar vurmalıyıq. Hər imkandan yararlanmalıyıq”.
Regekampf komandada döyüş ruhunun vacibliyini qeyd edib: “Komandada daha çox döyüş ruhu olmalıdır. Futbolçular özlərinə inanmalıdır. “Neftçi”də, böyük tarixə malik klubda oynadıqları üçün meydanda daha çox şey etməlidirlər. Sabahdan cavab görüşünün hazırlığına başlayacağıq. 0:2 hesabı ilə uduzmağımız normaldır. İkinci görüşdə nə itirə bilərik ki? Yalnız qələbə qazanmalıyıq. Qarşılaşmaya hazırlaşıb geridönüş etməliyik. Azarkeşlərin nəticədən narazı qaldığını bilirəm. Komandam adından onlardan üzr istəyirəm”.
Regekampf “Aris” barədə sualı cavablandırmaq istəməyib: "Yalnız öz komandam haqqında danışmaq istəyirəm. İkinci hissədəki oyunumuz gözlənilməz idi. Rəqibi təbrik edirəm, lakin hələ cavab oyunumuz var. Hər şey mümkündür. İlk yarıda şanslardan birini qola çevirsəydik, nələr baş verəcəyini bilmək olmaz. Rəqibə böyük hörmətimiz var. Amma mübarizə aparacağıq".