"Bütün futbolçuları bərpa edib bu oyuna hazırlamaq çətin idi. Düşünürəm ki, bu gün hər top uğrunda mübarizə apardıq. İlk hissədə yaxşı oyun nümayiş etdirdik. 2-ci hissədə çalışdıq, amma rəqib qapısı qarşısında böyük şanslar yarada bilmədik. Bütün fikrimiz kubokun cavab matçındadır. Evdə oynayacağıq. Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək".
Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Premyer Liqasının XXXI turunun "Səbail"lə 1:1 başa çatan oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
– 2-ci hissədə qapınızda çoxlu qol epizodları oldu. Bunun səbəbi nədir?
– 3 gün öncə bütün komanda ilə Tovuzda idik. 12 saat avtobusla yol gedib-gəlmişik. Oyunçuları bərpa etməyə çalışdıq. Tovuzda oynamayan futbolçular üçün də asan deyildi. 3 gün ərzində süni örtüklü meydançada 2 oyun keçirdik. Biz komanda olaraq buna öyrəşməmişik. Bu cür meydançada oynayanda həmişə çətinlik yaranır. Buna görə müdafiədə bəzi səhvlər edirdik. Amma Höccət Haqverdi ilə Mərt Çelikin oyunundan razı qaldım. Bizə ümid verdilər.
– Tovuz səfərindəki məğlubiyyətin psixoloji təsiri var idi?
– Əlbəttə ki, hər məğlubiyyətin komandaya təsiri olur, asan həzm olunmur. Məğlub olandan sonra sevinə bilmərik.
– Aqil Məmmədova qarşıdakı matçlarda şans verməyi düşünürsünüz?
– Bizim bütün diqqətimiz növbəti oyundadır. Hazırda qapıçı haqda sual verməyi məqsədəuyğun hesab etmirəm. İvan Brkiç də yaxşı oyunlar keçirir. Hər 2 qapıçı hazırdır. Oyundan-oyuna qapıçı dəyişə bilmərik.
– "Neftçi"nin hazırkı durumu sizi qane edir?
– Ümid edirəm ki, kubokun finalına çıxarıq. Əlbəttə ki, çempionatda futbolçularımdan daha yaxşı oyun gözləyirəm. Çempionatın sonuna yaxın bütün oyunları təhlil edəcəyik. Ondan sonra bu haqda danışa bilərik.
– Titul qazanmaq ambisiyanız var?
– Əlbəttə ki, ambisiyalarım var. Oyunçularıma da demişəm ki, bu il kubok qazanmalıyıq. Çünki, hər birimizin CV-sində titullar qalacaq.