“Bu gün çox maraqlı final oldu. Hər iki komanda çalışırdı ki, ən yaxşı oyununu nümayiş etdirsin”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
Ağdam klubunun kapitanı Azərbaycan kubokunun “Zirə” ilə final matçı (1:1, pen.4:3) barədə fikirlərini jurnalistlərə açıqlayıb: “İmkanlarımız var idi. Bu gün kobud səhv etdim. Bunu dərk edirəm. Hesabda geri düşəndə nə düşünürdüm? Artıq təcrübəm var. Bilirəm ki, belə olanda özümü pis hiss etsəm oyunum daha da pis olacaq. Çalışırdım ki, həmin epizodu unudum. Əlbəttə, inam var idi. Son 3-4 oyunun ilk 20 dəqiqəsində 3 top vuran komandayıq. İnanın ki, 80-ci dəqiqə olsaydı da, inanacaqdım ki, biz qol vuracağıq. Bu gün bəxt az idi. Dirəyə vurduq, qol imkanlarından yararlanmadıq. Amma sonda penaltilərlə qələbə qazandıq. Çox sevinirəm”.
Maksim Çempionlar Liqasının qrupuna düşmək barədə də danışıb: “Bunu Allah bilir. Ürəyimdə ancaq istəyi deyə bilərəm. Hər futbolçunun istəyidir ki, Çempionlar Liqasında oynasın. Amma təkcə istək azdır. Gərək çalışasan, yorulasan, çox işləyəsən ki, hər şey alınsın”.