UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunlarının nəticəsinə əsasən statistik göstəriciləri yeniləyib.
Apasport.az saytının məlumatına görə, bəzi məqamlarda “Qarabağ” həm komanda, həm də fərdi planda ön pillələrdə qərarlaşıb.
- “Qarabağ” çərçivəyə zərbə sayına görə, ən dəqiq dörd komandadan biridir. İlk 5 matçda “Trabzonspor”la eyni sayda – 31 dəqiq zərbə ilə yadda qalan Ağdam təmsilçisi 3-cü pilləni bölüşdürür. Bu statistik göstəricidə “Mançester Yunayted” zirvədə yer alır. İngiltərə klubu 36 dəfə rəqib qapıçısını işə salıb. “Qarabağ”la eyni qrupda mübarizə aparan “Frayburq” isə 35 zərbə ilə ikincidir.
- Azərbaycan çempionu turnirdə topa sahib olma faizində 7-ci yerdədir. Təmsilçimiz orta hesabla hər matçda 57 faiz topu nəzarətində saxlayır. Bu cədvəldə də lider “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”da topa sahib olma orta hesabla 64 faizə bərabərdir. “Qarabağ”ı qabaqlayan digər komandalar “Real Sosyedad” (60,8 faiz), “Arsenal” (60), “Latsio” (59,4), “Trabzonspor” (58,8) və “Fənərbaxça”dır (58,6).
- Qurban Qurbanovun kollektivi ən az cərimə zərbəsi qazanan komandalardan biridir. “Köhlən atlar” 5 qarşılaşmada 51 dəfə standart vəziyyətdən topu oyuna daxil edib ki, buna görə digər 31 iştirakçıdan yalnız 5-ni qabaqlayır.
- “Qarabağ” qrup ən çox hücum cəhdi edənlər sırasında 4-cüdür. Azərbaycan çempionu 209 dəfə qol üçün irəli atılıb. Zirvədə isə 302 həmlə ilə “Mançester Yunayted”dir. “Monako” (217) ilə “Frayburq” (216) ilk “üçlüy”ün digər sakinləridir.
- Çempionumuz geridə qalan 5 görüşdə ümumilikdə 28 dəfə künc zərbəsi yerinə yetirib. Lider “Mançester Yunayted”dən (35) 7 korner geri qalan “Qarabağ” 8-ci pillədə qərarlaşır.
- Futbolçuları ən çox ofsayda düşən komanda Almaniya “Union”udur (18 dəfə). “Monako”nun hücumları 15 dəfə oyundankənar vəziyyətə görə yarımçıq kəsilibsə, “Qarabağ” 14 dəfə ofsayda düşməklə sıralamada üçüncüdür. Həmçinin “Renn” və “Sürix” də eyni göstəriciyə malikdir.
- “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 20 seyvlə komandasının 6-cı pillədə yer almasına səbəb olub. Lider “Malmö”də bu rəqəm 24-dür.
- Hücumçu Kvabena Ovusu 15 zərbə ilə diqqət çəkib. Qanalı forvard dörd futbolçu ilə 6-cı pilləni bölüşdürür. Lider isə 28 cəhdlə “Mançester Yunayted”in superulduzu Kriştiano Ronaldodur. Buna baxmayaraq, Ovusu çərçivəyə dəqiq zərbədə hamını, hətta Ronaldonu da qabaqlayır. “Qarabağ”ın forvardı 15 cəhdindən 10-da çərçivəni düzgün nişan ala bilib. Markus Reşfordla (“Mançester Yunayted”) Vitinya (“Braqa”) 9 dəqiq zərbə ilə ikinci yeri bölüşdürür. Ronaldoda bu rəqəm 7-dir.
- Kornerdən topu oyuna ən çox daxil edən futbolçu “Roma”lı Lorentso Pelleqrinidir. 20 künc zərbəsi yerinə yetirməklə ikinci pillədə qərarlaşan “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqesi liderdən cəmi 1 korner ayırır.
- Kvabena Ovusu oyundankənar vəziyyətə düşməyə görə də liderdir. O, “Renn”li Amine Quiri və “Sürix”li Ayequn Tosinlə birlikdə 6 ofsaydla liderliyi bölüşdürür.
- Bəhlul Mustafazadə qrup matçlarında 37 dəfə rəqib hücumlarını kəsib. Müdafiəçi topu komandamıza qazandırmağa görə, 7-ci pillədədir. Lider Kristian Burqess (“Union”, Belçika) 46 dəfə rəqibdən topu “oğurlayıb”.
- Şahruddin Məhəmmədəliyev 20 seyvlə şəxsi göstəricidə də yüksək yerlərdədir. O, bu statistika sayəsində 3-cü sıraya şərikdir. Məhəmmədəliyev 23 seyvlə yadda qalan HIK-li Konor Azardan cəmi 3 qurtarış geridir.