“Mən də hər kəs kimi Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləyirəm. Bu elə bir yarışdır ki, 4 ildə bir dəfə olur və orada ən güclü yığmalar mübarizə aparır”.
Bunu apasport.az saytına Azərbaycan millisinin güləşçisi Mariya Stadnik deyib.
İkiqat dünya çempionu Qətərdə keçirilən dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Oğlu da futbolçu olan Stadnik bildirib ki, azarkeşlik etdiyi Braziliya millisi mundialla erkən vidalaşıb: “Futbol elə bir idman növüdür ki, həm maraqlıdır, həm də baxımlıdır. Bu idman növünə marağım yetərincə böyükdür. Çünki oğlum İqor Stadnik də məhz futbolla məşğul olub. O, “Vətən” klubunun formasını geyinir. Mundiala gəlincə, Braziliya millisinə azarkeşlik edirdim. Fikirləşirdim ki, finala da “sambaçılar” və Portuqaliya çıxacaq. Təəssüf olsun ki, hər iki yığma 1/4 finalda yarışla vidalaşdı”.
Səkkizqat Avropa çempionu Braziliyanın mundialda iştirakını dayandırdığından yarımfinallarda azarkeşlik edəcəyi komandaların adlarını da açıqlayıb. Onun sözlərinə görə, Xorvatiya və Fransa bu mərhələdə uduzsa, final daha maraqlı olacaq: “Həlledici görüşdə Argentina və Mərakeşin oynamasını istərdim. Soruşa bilərsiz ki, Fransaya niyə azarkeşlik etmirsiz? Bu, fransızların oyununun məndə maraq oyatmamağından irəli gəlir. Amma təbii ki, çempion kimi Argentinanı görmək istərdim. Əlbəttə, Mərakeş millisi çox maraqlı oyun nümayiş etdirir və bunun sayəsində də yarımfinala yüksəlib. Onlar çox iddialı olduqları üçün mundialda qalib də ola bilərlər. İspaniya və Portuqaliya kimi milliləri məğlub edən komandadan hər şey gözləmək olar. Amma Argentina çox peşəkar milli komandadır. Güman edirəm ki, finala bu iki komanda yüksəlsə, Messinin komandası mütləq qalib olacaq. Maraqlı və baxımlı oyunun olması isə vacibdir”.
Qeyd edək ki, dünya çempionatında yarımfinallara bu gün start veriləcək. Bakı vaxtı ilə saat 23:00-da Argentina Xorvatiya ilə, sabah eyni vaxtda isə Fransa Mərakeşlə üz-üzə gələcək.