“Qarabağ” və “Neftçi” klublarında işləmiş, titul qazanmış, hazırda isə Türkiyə aşağı liqasında yarışan “Karacabey Belediyyespor”un baş məşqçisi olan Mehmet Akın apasport.az saytına müsahibəsi
- Bu gün “Qarabağ” və “Neftçi” klubları üz-üzə gələcək. Matçla bağlı düşüncələriniz necədir?
- "Qarabağ" və "Neftçi" Azərbaycanın son illərdə futboldakı ən önəmli iki komandasıdır. Onların turnir cədvəlindəki xal durumuna baxmayaraq, duelləri Azərbaycan futbolunda hər zaman öndə gedənlərdən olub. Komanda sayısının azalması, "Bakı", "İnter", "Xəzər Lənkəran" kimi klubların artıq fəaliyyət göstərməməsi ölkə futbolundakı rəqabəti aradan qaldırdı. Ancaq Azərbaycan futbolundakı rəqabətin "Qarabağ" - "Neftçi" matçları ilə davam etdiyini görürük. Hər iki komanda istedadlı, yaxşı futbolçulara malikdir. Həm "Qarabağ", həm də "Neftçi"nin yaxşı baş məşqçisi var. "Qarabağ" Konfrans Liqasında şanssız şəkildə iştirakını dayandırdı. Təbii ki, bu, futbolçuların əhval-ruhiyyəsinə təsir edə bilər. Amma matç yenə də yaxşı alına bilər.
- “Qarabağ” son illərdə dominant komandadır. Bu mövsüm də “Neftçi”ni iki oyunda məğlub ediblər. Səncə, bu matçöncəsi önəmlidir?
- Təbii ki, keçmiş oyunlarda "Qarabağ"ın "Neftçi"ni məğlub etməsi önəmlidir. Amma "Qarabağ"ın Konfrans Liqasındakı məğlubiyyəti komandaya əhval-ruhiyyə baxımından təsir edə bilər. Yoxsa, dediyim kimi, bu iki komandanın oyunları hər zaman yaxşıdır. Hər halda, baş hakim ilk fiti verdikdən sonra mübarizə başlayacaq və hər şey unudulacaq. "Qarabağ" avrokuboklarda çox oynayıb və orada bəzən uğurlar da olurdu. Onlar məğlub olsa, məhz Konfrans Liqasındakı uğursuzluğa görə uduzduğunu demərəm.
- “Qarabağ” və “Neftçi”də çalışdığın dövrdə bu iki komandanın arasında keçirilmiş matçları xatırlayırsız?
- Əlbəttə ki, xatırlayıram. Hər zaman çox maraqlı oyunlar gedirdi.
- Daha çox hansı oyunu xatırlayırsız?
- "Qarabağ"da çalışdığım dövrdə "Neftçi"ni məğlub etmişdik, yaxud da əksinə. "Qarabağ"ı "Tofiq Bəhramov"da 2:0 hesabı ilə udduğumuz oyunu yaxşı xatırlayıram. Suraxanıdakı stadionda isə səhv etmirəmsə, "Neftçi"ni 3:1 məğlubiyyətə uğratmışdıq. Hər zaman maraqlı, azarkeşlərin də çox böyük diqqət göstərdiyi qarşılaşmalar olub.
- Əvvəlki zamanla müqayisədə daha çox diqqətinizi çəkən nədir?
- O vaxtlar həqiqətən Azərbaycan çempionatı çox rəqabətli idi. Güclü komandaların sayı çox idi, 5-6 klub çempionluq uğrunda mübarizə aparırdı. Stadionlar azarkeşlərlə dolu olurdu. Hakimlər də yaxşı oyunlar idarə edirdi. Düzdür, indi də referilər matçları yaxşı idarə etməyə başlayıb. O vaxtkı oyunlar çox maraqlı olurdu.
- “Qarabağ” 61 xalla lider, “Neftçi” isə 48 xalla üçüncü pillədədir. Səncə, “Neftçi” üçün çempionluq mübarizəsi başa çatıb?
- Mən "Qarabağ"a çempionluq uğrunda mübarizədə rəqibinin olduğunu görmürəm. Çünki xal fərqi çox yüksəkdir. Çox çətin oyunlar yoxdur. "Qarabağ" - "Neftçi", "Neftçi" - "Qarabağ" matçları olur. Amma digər oyunları qalib gəldiyin zaman çempionluğu bayram edirsən. “Qarabağ"ın bu mövsüm də Azərbaycanda çempion olacağını düşünürəm. Lakin qarşıdakı illərdə daha güclü "Neftçi" olarsa... Yaxud daha 4-5 güclü komandalar olarsa, Azərbaycan futbolunu önə daşıya bilər. Ümidvaram ki, bu dəfə də yaxşı oyun alınar. Özüm də matça baxacam.