Meydana sonradan daxil olaraq qollar vurmasının sirri varmı? - Ülvi İsgəndərovla MÜSAHİBƏ
04.12.2022 - 13:28
Meydana sonradan daxil olaraq qollar vurmasının sirri varmı? - Ülvi İsgəndərovla MÜSAHİBƏ

"Qəbələ"nin forvardı, əksər matçlarda meydana sonradan daxil olaraq vurduğu qollarla komandasına qələbə qazandıran Ülvi İsgəndərovun apasport.az saytına müsahibəsi 

- "Səbail"lə görüşdə qalib gəlməyi bacardınız. Matç sizin üçün necə alındı?
- Təbii ki, oyunun ağır keçəcəyi bəlli idi. Hava şəraiti də çətinlik yaradırdı. İlk yarıda gözləmədiyimiz anda qapımızda qol gördük. Erkən qol buraxsaq da, ruhdan düşmədik. Komanda olaraq toparlanıb layiqli qələbə qazanmağı bacardıq.

- Havanın dumanlı olması futbolçuların işini yəqin ki, daha da çətinləşdirirdi. Bu halda oynamaq çox çətindir?
- Bəli, belə havada oynamaq hər iki komanda üçün çətin olur. Lakin ikinci hissədə hava əla idi. Əsl futbol havası idi və oynamaq daha gözəliydi. Amma birinci hissədə nəinki qapını, topu görmək belə, çətin idi.

- Yenə sonradan meydana daxil oldun və komandanın qələbə qolunu vurdun. Bu, artıq neçənci dəfədir ki, təkrarlanır. Bunun sirri nədədir?
- Meydana sonradan daxil olaraq qollar vurmağımın sirri yoxdur (gülür). Mən də komandanın bir parçasıyam. Hər dəfə meydana daxil olanda qollar vuraraq "Qəbələ"yə kömək etmək istəyirəm. Böyük motivasiya və həvəslə meydana daxil oluram. 

- Əsas heyətdə meydana çıxanda qol vurmaq şansın daha çox olur, yoxsa sonradan meydana daxil olanda?
- Məncə, əsas heyətdə oynasam, qol vurmaq şansım daha çox olar. 

- Yayda Kipr və Türkiyə klublarından təkliflərin olsa da, "Qəbələ"də qaldın. Niyə risk etmədin?
- Bəli, müxtəlif klublardan təkliflər olmuşdu. Sadəcə olaraq, "Qəbələ" ilə 1+1 şərtilə müqaviləm var idi. Ona görə komandamda qaldım. 

- Qollarına davam edəcəyin təqdirdə, Azərbaycan millisindən dəvət olacağını düşünürsən?
- Əlbəttə, məqsədlərimdən biri Azərbaycanın əsas millisində oynamaqdır. Bunu çox istəyirəm. Milli komandada oynamaq üçün çox çalışmalıyam. Özü də, əsas heyətdə daimi oynamalıyam. Bunlar olacağı təqdirdə, inanıram ki, yığmaya dəvət alacam.

- Qarşıdakı ardıcıl üç matçınız "Qarabağ"a qarşı olacaq. Çempionat və kubok oyunlarından uğurlu ayrılmağınız özünüz üçün inandırıcı gəlir?
- İndidən bir söz demək çətindir. Amma dəqiq olan odur ki, bizi üç ağır oyun gözləyir. "Qarabağ"ın da gücü hamıya bəllidir. Hər üç oyun ağır keçəcək. Buna baxmayaraq, ən yaxşısını etməyə çalışacağıq. Bizim də çox yaxşı komandamız var. Hər şey realdır.

writer photo
Əlirza Əlirzalı
0