Millimizin baş məşqçisi: “Ani səhvimiz qolla nəticələndi”
27.11.2023 - 11:09
Millimizin baş məşqçisi: “Ani səhvimiz qolla nəticələndi”

“Bu cür oyunlar gənc futzalçılara təcrübə qazanmaq baxımından çox vacibdir. Belə turnirlər tez-tez təşkil olunmalı və iştirak etməliyik”.

Apasport.az xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov deyib.

O, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən beynəlxalq turnirin Belarusla (1:3) matçı haqda fikirlərini azfutzal.az-a açıqlayıb: “Bu komanda ilə avqustda Minskdə də qarşılaşmışdıq və 1:7 hesabı ilə yenilmişdik. Bu dəfə hesab sona yaxın 2:1 rəqibin xeyrinə olan zaman qapıçını meydan oyunçusu ilə əvəzlədik. Təəssüf ki, ani səhvimiz qolla nəticələndi və 1:3 hesabı ilə yenildik. Ancaq uşaqlarda özünəinam artıb, əvvəlki oyunla müqayisədə irəliyə doğru addım atdıqlarını görürük. Əlbəttə, narazı qaldığım məqamlar oldu. Xüsusilə də texniki və xırda səhvlərə yol verdik ki, bunları aradan qaldırmalıyıq. Həmin səhvlər də bu cür gərgin oyunlarda üzə çıxır”. 

Baş məşqçi bəzi oyunçuların digərlərindən daha inamlı olmasını da vurğulayıb: “Bəzi futzalçılarımız daha inamlı idi. Bu da onların təcrübələrini artırmasından qaynaqlanır. Qarşıda Mərakeş yığması ilə də oyunumuz var. Onlar daha güclü rəqibdir. Oyunlarına baxıb, müəyyən analizlər edəcəyik. Yenə deyirəm, bu cür turnirlər təcrübə toplamaq, oyunçuların öz yaşıdlarıyla müqayisədə axsadığın məqamları üzə çıxartmaq baxımından çox əhəmiyyətlidir”.  

Qeyd edək ki, U-19 turnir çərçivəsində növbəti oyununu sabah – noyabrın 28-də Mərakeşin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Bakı idman Sarayında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0