Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının IJF yarışlarında fərdi neytral idmançı kimi iştirakına icazə verilməsi barədə qərar qəbul edib.
Apasport.az-ın məlumatına görə, İcraiyyə Komitəsi bunun üçün müstəqil, nüfuzlu bir şirkəti bu prosesə cəlb edəcək.
Həmin şirkət yarışlarda iştirak etmək istəyən Rusiya və Belarus idmançılarının sosial media hesabları da daxil olmaqla onların Ukrayna ilə müharibəyə dəstək verib-vermədiyini yoxlayacaq. Yalnız bu yoxlama prosesi zamanı təsdiqlənmiş idmançılar və məşqçi-tibbi heyət IJF İcraiyyə Komitəsi tərəfindən yarışlarda iştirak etmək hüququ qazanacaq.
Paris 2024-ün seçmə mərhələsi artıq ötən ilin iyun ayından başlayıb. Qətərin paytaxtı Dohada təşkil olunacaq cüdo üzrə dünya çempionatı mayın 7-dən 14-dək keçiriləcək və idmançılara çoxlu lisenziya xalları qazandıracaq. IJF hesab edir ki, bu qərar ədalətlidir və bütün cüdoçulara bərabər iştirak imkanı verir.
Qeyd edək ki, həmin dünya çempionatında Azərbaycanın 13 idmançısı (9 kişi və 4 qadın) mübarizə aparacaq.