Mirabdulla Abbasov: "O, artıq məni sildiyini bildirmişdi" - MÜSAHİBƏ
04.11.2024 - 22:20
Mirabdulla Abbasov: "O, artıq məni sildiyini bildirmişdi" - MÜSAHİBƏ

"Neftçi"nin və Azərbaycan millisinin sabiq hücumçusu Mirabdulla Abbasov apasport.az saytına müsahibə verib. 

- Artıq uzun müddətdir ki, klubsuzsan. Hazırda nə işlə məşğulsan, təkliflər gözləyirsən?
- Hazırda heç bir işlə məşğul olmuram. Sadəcə fərdi məşq edirəm, futbol oynayıram. Təklif əlbəttə ki, gözləyirəm. Amma bu yalnız Premyer Liqa təmsilçisindən olarsa, gedərəm.  

- Təklif gəlməsə necə olacaq? Karyeranı başa vurmaq haqda düşünəcəksən? 
- Dediyim kimi, təklif gözləyirəm. Yalnız Premyer Liqa klubundan. Təklif gəlməsə, əlbəttə ki, məcbur qalıb karyeramı bitirməli olacam. Gözləyək, görək necə olacaq.  

- Bir müddət əvvəl deyəsən xaricə yollanmaq ehtimalın yaranmışdı. Amma gedəsi olmadın. Səbəb nə idi?
- Ara-sıra söz-söhbət olurdu. Amma düzünü desəm, son mövsümlərdə uğursuz çıxışım var idi. Statistika baxımından da belə idi. Ona görə xaricə getməyim real görünmürdü. Elə buna görə legioner həyatı yaşamağım da baş tutmadı. 

- Yeri gəlmişkən, ötən həftə "Qaradağ Lökbatan" klubuna keçdiyinlə bağlı xəbərlər yayılmışdı. Nə vaxt razılaşmısan bu klubla?
- "Qaradağ Lökbatan"? Xeyr, reallıqla heç bir əlaqəsi yoxdur. Doğru deyil. Mən "Qaradağ Lökbatan"da deyiləm.

- Premyer Liqa matçlarına kənardan baxmaq üzücü deyilki? Çünki qısa müddət əvvəl özün də bu liqada oynayırdın...
- Əlbəttə ki, Premyer Liqaya kənardan baxmaq üzücüdür. Futbolu bitirmək üçün hələ yetərincə cavanam. Ona görə də bu haqda düşünmürəm. Amma dediyim kimi, Premyer Liqadan təklif gəlməsə... Mənim stabil oynadığım dövrdəki rəqabət indi klublarda yoxdur. Əminəm ki, indi də rahatlıqla Premyer Liqada oynayardım. Özümə inanıram və güvənirəm. 

- "Neftçi"də oynayarkən baş məşqçiniz Samir Abasov idi. İndi də komandaya rəhbərlik edir. Heç sənə yenidən şans vermək fikri yoxdu ki? Səninlə danışmayıb?
- Sözün açığı, Samir Abasovun dövründə mən əvəzedici heyətə göndərilsəm də, bu, sırf rəhbərlik tərəfindən verilmiş qərar idi. Çünki həmin zaman komandada üç hücumçu var idi deyə, məni artıq kimi görürdülər. Amma mən orda olduğum dövrdə də, əsas komandanın yadımda deyil hansı oyunu idi.. Mətbuat konfransında mənim haqqımda Samir Abasova sual verilmişdi, o da artıq məni sildiyini bildirmişdi. Onu xatırlayıram. İndilərdə isə xeyr onunla danışığımız olmayıb.

- Ümumiyyətlə, "Neftçi" haqda nə düşünürsən? Səncə, bu komanda çətin vəziyyətdən çıxa biləcək?
- "Neftçi" mənim üçün doğma klubdur. Həmişə uğurlu olmağını istəyirəm. Bunun baş verəcəyinə də inanıram. Samir müəllimin komandanı toparlamasını ürəkdən istəyərəm. Həm Samir Abasova, həm də "Neftçi"yə bol-bol uğurlar arzulayıram. Ümidvaram ki, hər şey uğurlu alınacaq.

writer photo
Əlirza Əlirzalı
0