"Kəpəz"in gürcüstanlı futbolçusu Mixeil Erqemlidzenin apasport.az saytına müsahibəsi
- Ölkə kubokunun 1/4 final mərhələsinin "Turan Tovuz"la ilk oyununda evdə uduzdunuz. Fasilədən sonra nə baş verdi ki, üstünlüyünü qoruya bilmədiz?
- "Turan Tovuz"la görüşə çox yaxşı başlamışdıq. Bunun da məntiqi nəticəsi kimi qol vurduq, hesabı açdıq. Əslində, fərqlənmək imkanlarımız çox idi. Oyunun gedişində də artıq qalib gəldiyimizi düşündük. İlk yarı ilə müqayisədə ikinci hissədə konsentrasiya bir az aşağı oldu. Ona görə də, belə alındı.
- Hesab 1:0 olarkən penaltidən fərqlənə bilmədiz. Hesabı 2:0 edə bilsəydiz qalib gəlmək olardı?
- Əlbəttə. Penaltidən fərqlənsəydik, daha asan olardı. Amma bu futboldur və hər şey mümkündür.
- Tovuzdakı cavab oyunu barədə fikrin necədir? Evdə uduzduğunuz üçün şanslarınızın azaldığını demək olar?
- Düşünmürəm ki, yarımfinala adlamaq şansımız azalıb. Bu, hələ də davam edir. Hətta şansların 50/50-yə olduğunu düşünürəm.
- "Turan Tovuz"la cavab oyununa qədər evdə "Sabah"la qarşılaşacaqsız. Bu görüş haqda fikrin necədir?
- "Sabah" yaxşı komandadır. Doğrudur, son matçda "Səbail"ə məğlub oldular. Amma buna baxmayaraq, onlar yaxşı futbolçulara sahibdir. Gəncədə bizim meydanda oynamaq "Sabah" üçün çətin olacaq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.
- "Sabah"a Bakıda keçirilən görüşdə 0:5 məğlub olmuşduz. Sabiq komandana qarşı oynayacağınıza görə görüş sənin üçün xüsusidir?
- Bu oyun tək mənim yox, bütün komanda üçün xüsusidir. Hamı bu oyunda qalib gəlmək istəyir. Çünki biz birinci dövrədə "Sabah"a 0:5 hesablı məğlubiyyəti unutmamışıq.
- Demək olar ki, zaman keçdikcə "Kəpəz"də özünü sübut etməyə başlayırsan?
- Bəli, zaman keçdikcə "Kəpəz"də özümü sübut etməyə çalışıram. Amma futbolçu hər oyunda gücünü göstərməlidir. "Kəpəz"də oynamaq çox xoşuma gəlir. Meydana çıxdığım hər matçda komanda üçün əlimdən gələni edirəm.