Azərbaycan milli komandasının veteran forvardı Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi
- Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk görüşünü Vyanada Avstriya millisinə qarşı keçirəcək. Oyunöncəsi bu matçla bağlı fikriniz pozitivdir, yoxsa neqativ?
- Təbii ki, millimiz qrupa ağır səfər görüşü ilə başlayır. Vyanada matç çətin olacaq. Amma istənilən halda, bütün rəqiblərə qarşı oynayacağıq. İndi püşkatma belə alınıb və ilk oyunlara səfərdə çıxacağıq. İnanıram ki, hər şey uğurlu olar.
- Millimiz Vyanada Avstriyanı məğlub edərsə, böyük sürpriz sayılacaq?
- Ağır oyun olacaq. Yəqin ki, tək mən yox, hamı belə düşünür. Ancaq istənilən halda, yığmanın son oyunlardakı nəticəsi və oyunu istər-istəməz bizi ümidləndirir. Ona görə də, milli komandamıza inanıram.
- Canni de Byazinin komandasının bu oyunda hər hansı üstünlüyü var?
- Millimizin əsas üstünlüyü əzmkarlığımızdır. Əminəm ki, bu görüşdə də belə olacaq. Hər halda, rəqiblər çətin olsa da, biz hər iki görüşdə əzmkarlığımızı göstərə bilərik.
- DÇ-2006-nın seçmə mərhələsinin Avstriya ilə hər iki görüşündə meydana çıxmışdınız. Bakıda bir xal alsaq da, səfərdə rəqibə uduzmuşduq. Həmin oyunları necə xatırlayırsız?
- Doğrudur, həmin oyunları xatırlayıram. Daha çox belə yadımda qalıb ki, Vyanadakı matç rəqibin üstünlüyü şəraitində keçmişdi. Sonda da biz rəqibə 0:2 hesabı ilə uduzmuşduq. Bakıda isə rəqiblə 0:0 oynamağı bacarmışdıq.
- Əslində, indi də güc fərqini götürsək, Azərbaycan və Avstriya arasında eyni mənzərə var. Rəqib daha güclüdür, futbolçuları daha yaxşı liqalarda oynayırlar. Bu haqda fikriniz necədir?
- Təbii ki, Avstriya yığması güclüdür. Bu oyunda favorit onlardır. Heyətə baxanda da, görmək olar ki, rəqibin futbolçuları Avropanın tanınmış klublarında oynayır.
- Avstriya və İsveç səfərlərindən millimiz neçə xalla qayıtsa uğur hesab etmək olar? Futbolçularımızın üç günə iki çətin səfər oyunu oynamağa gücü çatacaq?
- Bəli, hər iki səfər də ağır olacaq. Rəqiblər güclüdür. Rəqiblərimizin güclü olduğunu nəzərə alsaq, hər iki görüşdə məğlub olmasaq, yaxşı nəticə sayılacaq. Üç günə iki oyun, özü də bu cür güclü rəqiblərlə oynamaq, çətin olacaq. Ancaq yenə də ümid edirəm ki, bizim üçün uğurlu nəticələr qeydə alınacaq.