"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov apasport.az saytına müsahibə verib.
- "Neftçi" bu gün Premyer Liqanın 29-cu turu çərçivəsində "Sumqayıt" önünə çıxacaq. Sizcə, "ağ-qaralar" qələbə qazana biləcək?
- "Neftçi" hər oyunda qələbə qazana bilər. Amma baxır, hansı səviyyədə hazır olacaqlar. "Neftçi" və "Sumqayıt"ın heyətini müqayisə edəndə, təbii ki, "Neftçi"nin heyəti daha üstündür. Amma görünən odur ki, "Neftçi" bu heyətlə heç bir iş görə bilmir. Hər şey ortadadır.
- Demək olar ki, kubok əldən çıxdı və "Neftçi" artıq yalnız liqaya köklənməlidir ki, heç olmasa ikinci yeri tutsun?
- "Neftçi" ikinci yeri tutmağa borcludur. Kubok da əldən getdi. İkinci yeri tutmasalar... Fiasko deməzdim. Uğursuz ildir. Bildiyim qədərilə, ikinci yer də "Neftçi"də uğursuz sayılır. Lakin "Neftçi" bu il artıq hər şeyi yaddan çıxarıb, gələn ilin komandasını qurmalıdır.
- "Neftçi" avrokuboklara gedərsə, hazırkı heyət avrokuboklarda mərhələ keçməyə hazırdır, yoxsa bütövlükdə heyət dəyişməlidir?
- "Neftçi" avrokuboklara düşsə, bu heyətlə, bu baş məşqçi ilə heç bir uğur qazana bilməyəcək. Bu mənim şəxsi fikrimdir. Belə düşünürəm. "Neftçi" mütləq güclənməlidir və lazım olan məşqçini tapmalıdırlar. Başqa cür mümkün deyil.
- "Neftçi" ölkə kubokunda "Qarabağ"a 0:4 hesabı ilə uduzdu. Səncə, niyə belə oldu? Ümumiyyətlə, "Neftçi" "Qarabağ"a son illərdə niyə qalib gələ bilmir?
- Nəticə çox üzücüdür. Mən də üzülürəm. Amma “Neftçi” bu heyətlə elə bu cür də uduzmalı idi. Miodraq Bojoviçlə çox uzun yol gedə bilməzlər. Nəyə görə “Neftçi” “Qarabağ”ı üstələyə bilmir? Bunu heyətlə, stabilliklə, qurulan strukturla əlaqələndirirəm.
- Cavab görüşündə "Neftçi"nin şansı var?
- Çətin görünür. Bəlkə də, rəhbərlik mövsümün əvvəlində onların qarşısına çempionluq məqsədi qoymuşdu. İndiki durumda “Neftçi” üçün ikinci yeri tutmaq normal sayılmalıdır. Bu vəziyyətdə ikinci yer “Neftçi” üçün normaldır. Avrokuboklara düşməyəcəklərsə, başqa məsələ. Klub rəhbərliyi hansı addımı atacaq, bunu bilmirəm.