“Neftçi” 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.
Klubdan apasport.az saytına verilən məlumata görə, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.
İyulun 1-də qardaş ölkəyə yollanacaq “ağ-qaralar” “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. Flaqman orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər hələlik dəqiqləşməyib.
Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan “ağ-qaralar” məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.