“Neftçi”nın U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupunda mübarizə aparacaq.
Təmsilçimizin rəqibləri Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları olacaq. 72 komandanın mübarizə aparacağı turnirdə Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları ilə yanaşı, PSJ (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri yarışacaq.
Qeyd edək ki, “Neftçi” Futbol Akademiyası bu mövsüm artıq 3 beynəlxalq turnirdə iştirak edib. U-17 avqust-sentyabr aylarında İtaliyanın paytaxtı Romada təşkil olunmuş Skopinyo Kubokunda, U-11 isə oktyabrda Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “VW Wolf Herbst CUP” və noyabrda Türkiyənin İstanbul şəhərində baş tutmuş Can Bartu beynəlxalq turnirində qüvvəsini sınayıb.