“Neftçi”də yeni texnoloji tərəfdaş
31.01.2023 - 16:28
“Neftçi”də yeni texnoloji tərəfdaş

“Motorola” şirkəti “Neftçi” Peşəkar Futbol Klubunun texnoloji tərəfdaşı olub. 

Apasport.az saytının məlumatına görə, “Neftçi” PFK əməkdaşlıq çərçivəsində klubun texniki bazasının təchiz edilməsində istifadə olunacaq müasir mobil cihazların köməyilə innovativ texnologiyalara çıxış əldə edəcək. “Motorola” şirkəti öz brendini “Neftçi” PFK-nın cari mövsümdə klubun oyunlarının yayımlarında həyata keçirəcək fəaliyyətinə inteqrasiya etmək imkanı əldə edəcək. 

“Motorola”nın əfsanəvi “yarasanın qanadları” loqosu stadionun nəzərəçarpacaq hissəsində, matçlar zamanı məlumat lövhələrində, “Neftçi” PFK-nın sosial media hesablarında, eləcə də klubun rəsmi internet saytının “Sponsorlar” bölməsində nümayiş etdiriləcək. 

Bundan əlavə, tərəflər arasındakı razılaşmaya görə, “Neftçi” azarkeşlərini “Motorola” brendi və onun innovativ mobil cihazlarının imkanları ilə tanış etmək məqsədilə sosial media hesablarında bəzi paylaşımlar üçün çəkilişlər (futbolçularla fotosessiyalar, matçlardan video yayımlar, məşqlərdən çəkilişlər və s.) Azərbaycanda rəsmi satışına yeni başlanan “Motorola edge 30 ultra” smartfonları ilə aparıla bilər. 

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev fikirlərini açıqlayıb: “Belə bir beynəlxalq texnoloji tərəfdaşın dəstəyi qabaqcıl texnologiyalara çıxış əldə etməyimiz üçün bizə yeni imkanlar yaradır. Bu, azarkeşlərimizə daha yaxın olmaq və “Motorola” həllərinin köməyi ilə onların futbola olan həvəslərini bölüşmək, matçların ən yaxşı anlarından zövq almaq və onları yaxınları ilə bölüşmək üçün daha bir addımdır”.

“Motorola”nın Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Aleksandr Romanyuk isə bunları bildirib: “Motorola” ilə “Neftçi”nin bir ortaq cəhəti var. Bu qalib gəlmək istəyidir. “Neftçi” öz azarkeşlərini ruhlandıraraq meydanda qələbələr qazanmağa çalışır. “Motorola” 90 ildən artıqdır ki, yenilik, məhsul keyfiyyəti baxımından və pərəstişkarlarını sevindirmək üçün yeni qələbələr əldə etməyə cəhd göstərir. Yeniliklərə sadiqliyimiz bizi 1973-cü ildə dünyanın ilk mobil telefonunu icad etməyə, 1996-cı ildə mobil telefonlar üçün açılıb-bağlanan forma faktorunu kəşf etməyə və 2019-cu ildə dünyada ilk elastik ekranlı “Motorola razr” telefonu təqdim etməyə gətirib çıxarıb. Əminəm ki, həm “Neftçi”, həm də “Motorola” daha çox qələbələr qazanacaq”.

“Biz “Neftçi” PFK-nın azarkeşlərinə və bütün azərbaycanlı istifadəçilərə ən yeni “Motorola” smartfonlarını təqdim etməkdən çox məmnunuq. Onlardan bəziləri, o cümlədən “Flaqman Motorola edge 30 ultra” və açılıb-bağlanan “Motorola razr” smartfonları artıq Azərbaycanda pərakəndə satış mağazalarında rəsmi olaraq mövcuddur”, – deyə əlavə edib.

“Mən şadam ki, “Motorola” Azərbaycandakı mövcudluğunu gücləndirir və yerli brendlərlə əməkdaşlığı inkişaf etdirir. Fərdi kompüterlər, oyun noutbukları, infrastruktur avadanlıqları kimi digər uğurlu kateqoriyalarla yanaşı, “Motorola” xüsusən də “Motorola” smartfonunu “Lenovo” noutbukuna qoşmağa və daha səmərəli işləmək üçün rahat funksiyalardan istifadə etməyə imkan verən “Ready For” texnologiyasına malik “Lenovo” ekosisteminin bir hissəsidir. Bu bizə onun üstünlüklərinə Azərbaycanda daha çox istifadəçiyə çatdırmağa imkan verir”, - deyə “Lenovo” şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermaqambetov bildirib.

“Motorola” (“Lenovo Group Holdings”in törəmə şirkəti) qlobal miqyasda böyük idmanın rəqəmsal transformasiyası üçün müasir texnoloji həllərin tətbiqini dəstəkləyir. 2022-ci ilin sentyabrında “Motorola” və “Lenovo” “Çikaqo Bullz” ilə 2022-2023-cü illər mövsümündən başlayan çoxillik tərəfdaşlığı elan etdilər. Bununla yanaşı, “Motorola” Meksika La Liqasının, İtaliya A Seriyasında mübarizə aparan “Monza” futbol klubunun, Yüksək Futbol Liqasında çıxış edən “Çikaqo Fayr” komandasının, “Bruklin Nets” basketbol komandasının və dünya üzrə bir sıra digər idman və kiberidman layihələrinin və təşəbbüslərinin rəsmi sponsorudur.

“Neftçi” PFK Azərbaycanın ən köklü və ən titullu klublarından biridir. 1968-ci ilə qədər “Neftyanik” adlandırılıb və 27 mövsüm SSRİ-nin Yüksək Liqasında çıxış edib. “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubudur.“Motorola Mobility MMC” 2014-cü ildə “Lenovo Group Holdings” tərəfindən alınıb. “Motorola Mobility” “Lenovo”nun tam mülkiyyətində olan törəmə şirkətidir və “Moto” və “Motorola” brendləri altında bütün mobil cihaz və həllərin dizaynı və istehsalına cavabdehdir. Əlavə məlumat üçün https://www.lenovo.com saytına daxil olun və ən son xəbərlər üçün StoryHub və Motorola qlobal bloqunu izləyin.

writer photo
Əlirza Əlirzalı
0