Ötən ili “Dauqavpils”də icarə əsasında keçirmiş Ramin Nəsirli müqavilə ilə məxsus olduğu “Neftçi”dən ayrılıb.
U-21 millimizin aparıcı üzvü olan Nəsirli apasport.az saytına müsahibəsində komandadan ayrılmasından və karyera planlarından bəhs edib.
-"Neftçi" ilə yollarını ayırdın. Halbuki, yaya qədər müqavilən qüvvədə idi. Maraqlıdır, bunu özün istədin, yoxsa klub səninlə işbirliyinə son vermək qərarına gəldi?
- Bəli, "Neftçi"dən ayrıldım. Yeni müqavilə şərtləri ilə razılaşmadıq. Ona görə də, belə alındı. Qarşılıqlı razılaşma əsasında yollarımız ayrıldı. "Neftçi"yə qarşıdakı matçlarda uğurlar arzulayıram.
- Ən azından qış toplanışını "Neftçi" ilə keçərək, yeni baş məşqçi Miodraq Bojoviçinin etimadını qazanmaq şansından istifadə edə bilməzdin?
- Bilirsiz, başqa təkliflər var. Ona görə də gözləmədim. Başqa komandada oynayacam.
-U-21 yığmasında və Latviyada heç də pis təsir bağışlamadın, yaxşı çıxış etdin. Sənə "Neftçi"də şans veriləcəyini gözləyirdin? Yoxsa, ehtimal edirdin ki, bu komandada sənə şans verilməyəcək?
- Mən istənilən komandanın heyətində meydana çıxanda ən yaxşısını etməyə çalışıram. Özümə çox güvənirəm. Hər komandaya da xeyir verəcəyimə inanıram. Düzü, oynayacağıma inanırdım. Hər halda, artıq belə alındı və yeni komandamda ən yaxşısı üçün meydana çıxacam.
-Artıq azad agent statusundasan. Bu ildən səni hansı komandada görəcəyik? "Kəpəz", "Qəbələ", "Araz-Naxçıvan"la adın hallanır. Azərbaycan Premyer Liqasında qalmaq ehtimalın var? Yoxsa, qalmaq istəmirsən?
- Onu zaman göstərəcək. Hazırda eyni anda 4-5 klubla danışıqlar gedir. Hara qismətdirsə, ora da yollanacam. Bu dəqiqə üçün dəqiq olan bir şey yoxdur. Danışıqlar davam edir.
-Yenidən Latviyaya yollanmaq şansın nə dərəcədədir? "Valmieyra" və "Liepaya"ya yollanmaq istəyirsən? Bu komandalar səni transfer etmək istəyir...
-Bəli, Latviyadan üç klub mənə maraq göstərir. Siz deyən klublar da var, "Dauqavpils"in özü də məni gözlədiyini bildirdi. Amma hələ ki, konkret qərarımı verməmişəm. Yaxın günlərdə son qərarımı verəcəm.
-U-21 yığmasında yəqin ki, çıxışına davam edəcəksən. A millidə oynamağı yəqin ki, istəyirsən. Bunun reallaşması üçün ölkə xaricində oynamaq lazımdır, yoxsa Azərbaycan Premyer Liqasında oynayaraq bunu reallaşdıra bilərsən?
- Harada oynamaq yox, necə oynamaq əsas məsələdir. Təbii ki, mən də milli komandanın formasını geyinmək arzusu ilə yaşayıram. İnanıram ki, A millidə oynamaq da mənə qismət olacaq. Legioner həyatı yaşamaq şansım varsa, bundan yararlanacam. Hər halda, mən daha çox oynamaq, legioner həyatı yaşamaq üçün Latviyaya yollanmışdım.
-Latviyada bir il oynadın və oranın futboluna artıq yaxşı bələdsən. Azərbaycan və Latviya çempionatları arasında hansı fərqlər var?
-Latviya karyeram yaxşı alındı. Bütün oyunlarda meydana çıxdım, oynadım. Şükürlər olsun ki, zədəm də olmadı. Açığı, fərq o qədər də çox deyil. Orada da bəzi klublar maliyyə sarıdan yaxşıdır, yaxşı oyunçuları var. Lakin istənilən halda, Azərbaycan Premyer Liqasının daha güclü olduğunu düşünürəm.