AZAL, “Turan-Tovuz” və “Şüvəlan”ın sabiq futbolçusu, hazırda “tik-toker”, “fristayler”, “blogger” kimi çalışan Nuqzar Kvirtiyanın apasport.az saytına müsahibəsi
- Konfrans Liqasında "Qarabağ" - "Gent" matçında hamı səni fotoqraf kimi gördü və hətta mətbuatda da "sabiq futbolçu "Qarabağ"ın matçında fotoqraf kimi" başlıqlı xəbərlər də yazıldı. Azərbaycanda ilk dəfə idi ki, sabiq futbolçu sonradan fotoqraf kimi iştirak edir...
- Belə bir layihəni artıq çoxdan planlaşdırmışdım. Hətta “Səbail” və “Sumqayıt”la da bu cür video etmişdim. Amma Səudiyyə Ərəbistanına səfərdən və çox məşhur bloggerlərlə görüşdükdən sonra başa düşdüm ki, bu, əslində yaxşı ideyadır. İnsanların da çox xoşuna gəlir. Bu səfər mənə çox şey öyrətdi. Prinsipcə, “Qarabağ” –“Gent” oyununa getməyim yaxşı oldu. Həmin oyunda hazırladığım videoya təxminən 50 min baxış oldu. Yəni, insanlar bu qarşılaşmadan hazırladığım videobloqa maraq göstərdi.
- Avrokubok matçına kənardan baxmaq səndə hansı hislər yaratdı? Heç həminki görüşdə meydanda olmağı xəyal etdin?
- Düzü, mən futbolçu vaxtımda Tofiq Bəhramov stadionunda dolu tribuna qarşısında oynamamışam. Təkcə “Neftçi”yə qarşı onların əvvəl ev oyunlarını keçirdiyi Suraxanıdakı stadionda 5-6 min azarkeş olurdu. “Qarabağ”a qarşı görüşdə isə təmir işləri getdiyindən stadionda təxminən 2 min fanat görmüşdüm. Rekord isə Gəncədə və Lənkəranda idi. Həmin vaxtı Gəncədəki oyunu 26 min, Lənkərandakı matçı isə 15 min adam izləmişdi. Həmin görüşü xatırlayıram, ab-hava inanılmaz idi. Bəzi məqamlarda artıq azarkeşləri eşitmirsən. Lakin “Qarabağ” – “Gent” matçında tamam başqa hisslər yaşanırdı. 90+8-ci dəqiqəyə qədər tribuna tam dolu idi və sadəcə inanılmaz hislərdir. Futbolçu vaxtlarımı xatırladım və həqiqətən də meydanda olmaq istəyirdim. Amma niyə oynamadığım üçün peşman deyiləm. Bəli, hələ də oynaya bilərdim, amma indi sevdiyim işlə məşğulam və yenə də futboldayam. Blogger kimi çoxlu faydalar verə bilərəm.
- Səncə, futbolçu vaxtı nəyi necə etsəydin, bəlkə də, "Qarabağ" - "Gent" görüşündə meydanda futbolçu kimi ola bilərdin? Yoxsa, heç bu barədə düşünmürsən və hər şeydən razısan?
- Təbii ki, oynayanda nə edə biləcəyimi dəfələrlə düşünürdüm. Amma karyeramın son 3 mövsümündə həmişə istədiyimi etdim. Üç mövsüm klubun bombardiri oldum, klub tarixində AZAL-a bürünc medal qazanmağa kömək olmuşdum. Ancaq Avropa Liqasında oynadığım zaman keçirdiyim hissləri heç vaxt unutmaram, bunlar inanılmaz idi.
- Aktiv futbolçu karyeranı başa vurduqdan sonra fristayler, blogger, "tik-tok"çu kimi səni gördük. Səncə, hansı daha uğurlu idi?
- Hansısa yeni işə başlayıramsa, bunu hamıdan yaxşı etmək istəyirəm. Bəzən təəssüf ki, bu, təkcə məndən asılı olmur. Bir futbolçu kimi Avropa Liqasında oynamaq, komandanın avrokuboklara vəsiqə qazanmasına kömək edən əsas oyunçu kimi arzumu həyata keçirdim. “Fristayler” kimi Avropanın ən yaxşı 24 fristaylçısı sırasına daxil oldum və AVRO-2020-nin səfiri oldum. Bunu ancaq xəyal etmək olar. Üstəlik, MDB-nin ən yaxşı 10 futbol bloggerindən biriyəm. Amma bununla kifayətlənmək fikrim yoxdur.
- "Qarabağ" - "Gent" matçından sonra Riçard Almeyda sənə formasını elə meydanda hədiyyə etdi. Deyəsən, həmin formanı sosial şəbəkədəki izləyicilərinə hədiyyə etdin...
- Bəli, Riçard mənə çoxdandır ki, sosial şəbəkədə izləyicilərim üçün forma söz vermişdi. Amma yarım il keçdiyi üçün bunu unutmuşdum (gülür). O, oyundan sonra özü mənə yaxınlaşıb, formanı uzatdı. Mən də, dərhal video çəkdim ki, söz verdiyim kimi, həmin formanı yarış keçirib izləyicilərimdən birinə hədiyyə edəcəm. Qalibi hələ ki, seçməmişəm, amma tezliklə seçəcəm. İnsanlar şərh yazır, sonra isə xüsusi sayt qalibi seçir.
- Bu yaxınlarda Səudiyyə Ərəbistana gedərək, "Əl-Nəsr"in oyununda iştirak etdin, daha sonra bu klubun vitse-prezidenti ilə görüşdün. Onunla nə haqda danışdınız? Orada gördüklərini necə şərh edəcəksən?
- İnanılmaz səyahət idi. Öncədən iki matça - PSJ – “Riyad yığma komandası”, yəni, daha çox Ronaldo – Messi qarşılaşmasına və Kriştianonun “Əl-Nəsr”dəki debüt oyununa getməyi planlaşdırmışdım. Sonda daha çoxunu əldə etdim. “Əl-Nəsr”in vitse-prezident mənə dəvət göndərdi, onunla görüşdük. Yeri gəlmişkən, o, təkcə vitse-prezident deyil, həm də “Əl-Nəsr”in sponsorlarından biridir. Gürcüstandan və Azərbaycandan, Xviça Kvaratsxeliyadan, “Qarabağ” klubundan danışdıq. Onlar hamını izləyirlər. Bəli, məni yenidən dəvət ediblər. Əgər “Əl-Nəsr” çempion olarsa, mövsümün sonunda yenidən ora getməyi planlaşdırıram.
- Maraqlıdır, klubun vitse-prezidenti ilə görüşsən də, Kriştiano Ronaldo ilə bu baş vermədi. Görüş planı var?
- İndi Ronaldo ilə görüşmək çox çətindir. Hətta həmin vaxtı klubun vitse-prezidentinin özü də Ronaldo ilə görüşməmişdi. Amma mənə dedilər ki, tezliklə hər şey sakitləşəcək və Ronaldonu görmək mümkün olacaq.
- Sosial şəbəkədə izləyicilərin az deyil, "tik-tok"da milyondan çox səni izləyənlər var. Azərbaycan çempionatı ilə bağlı ideyaların var? Səncə, nəyə görə çempionat oyunlarında azarkeş marağı, sayı çox deyil?
- Planda çox layihə var. Onlar arasında dünyanın bütün ölkələrinin yerli liqalarının oyunlarını izləmək, yerli çempionatla bağlı müxtəlif layihələrim var. Onlardan biri də, elə insanları tribunalara çatdırmağa yönəlib. Bunu həyata keçirmək üçün əlimdən gələni edirəm. İndi Premyer Liqamızın iki çox iddialı klubu ilə medianın təbliği və tamaşaçıların cəlb edilməsi ilə bağlı danışıqlar aparıram. Layihəni təklif etdim və onlar bəyəndilər. İnanıram ki, uğur qazanacağıq. Hə, problem ondadır ki, insanlar maraqlı çempionatın olmadığını yazır. Çoxları mənə şərhlərdə yazır ki, mənim vaxtımda maraqlı çempionat olub, 4-5 komanda çempionluq uğrunda mübarizə aparırdı. Ona görə də, stadionun tribunalarının 70 faizi dolurdu.
- Bəlkə, Ronaldo səviyyəsində birini Azərbaycan Premyer Liqasına gətirsək düzələr...
- Ronaldonun səviyyəsində birini gətirmək çətindir. Çünki onlar təkcə futbolçu dəvət etməyiblər, Ronaldo təkcə kişi futbolu deyil, həm də qadın futbolunun inkişaf layihəsidir. Bu, böyük investisiyadır. O, həm də influencerdir və o, bu göstəricidə birinci yerdədir. Onun təkcə instqramda 550 milyon abunəçisi var. Ronaldo təkcə futbol meydançasında deyil, ondan kənarda da inkişaf edir. Bir çox məşqçi futbolçuların sosial şəbəkələrdə aktiv olmasına imkan vermir, amma futbolçuların özləri də etimadı doğrultmalıdırlar. Əgər yaxşı oynayırsansa, “TikTok”, “Instagram”, “YouTube”də də problemsiz inkişaf etsinlər. Məncə problem ondadır ki, klublar media ilə daha çox işləməli, daha çox yaradıcı insanları işə götürməli, sosial şəbəkələri inkişaf etdirməlidir. Təbii ki, oyunun özü şou kimi olmalıdır, insanlara indi ancaq şoular lazımdır, minimal sərmayə üçün hər şeyi edə bilərsiniz, əsas odur ki, istək, arzu olsun.
- Federasiya rəhbərliyi mundial öncəsi Azərbaycan millisi ilə görüşdü
- Avropa birinciliyi: Bir boksçumuz finalda, daha ikisi yarımfinalda
- “Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər
- “Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq
- Musa Qurbanlı milliyə çağırıldı