"O vaxt mənə söz verilmişdi ki, "Xəzər Lənkəran"a baş məşqçi gələcəksən. Lakin yerimə Con Benjamin Toşakı gətirdilər".
Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis Oktay Derelioğlu deyib.
Futbol veteranı ona verilən sözün tutulmadığını bildirib: "Bu hadisədən sonra Azərbaycan futbolunda adım demək olar ki, unuduldu. Amma Azərbaycan futbolunda əməyim çox böyükdür. Oynadığım müddət ərzində qollar vurdum, bombardir oldum... Daha çox təklif gözləyirdim. Təklif almaq üçün başqa nələr etməliydim, bilmirəm. Amma heç bir gözləntim baş tutmadı. Bunun başlıca səbəblərindən biri Mübariz Mənsimovun mənə verdiyi söz oldu. Həmin söz də öz yerini tapmadı. Yerimə uelsli mütəxəssis təyin etdilər. Mənsə, bir neçə Türkiyə klubunda baş məşqçi kimi çalışdım. İstənilən halda, ölkənizdən təkliflər gözləyirəm. Azərbaycan futbolunda unudulmadığımı düşünürəm və burada çalışmağa hazıram. Qardaş ölkədəki bütün işlərimi həvalə etdiyim şəxs Rasim Yıldızdır. O, mənim menecerimdir. Xidmətimdə maraqlı olan klublar onunla əlaqəyə keçə bilərlər. Beləcə, uyğun olarsa, yenidən Azərbaycana qayıda bilərəm".