Patrik Andrade: "Leverkuzendəki oyundan daha yaxşı oynamağa çalışacağıq" - Müsahibə
07.11.2023 - 11:47
Patrik Andrade: "Leverkuzendəki oyundan daha yaxşı oynamağa çalışacağıq" - Müsahibə

"Qarabağ"ın futbolçusu Patrik Andradenin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın 12-ci turunda "Kəpəz"ə böyük hesabla qalib gəldiniz. 7:1 hesablı qələbəni necə şərh edəcəksən?
- Yaxşı oyun alındı. Hesab böyük olsa da, çətin matç idi. “Kəpəz”lə matçda qalib gəlməyə köklənmişdik və buna görə də qələbə qazandıq. Çalışdığımız elə odur ki, bütün görüşlərdə üç xal əldə edək. Şadam ki, istədiyimizi reallaşdırdıq. 

- Leverkuzendə "Bayer"ə, Bakıda "Araz-Naxçıvan"a məğlub olmuşdunuz. "Kəpəz"lə görüşdən sonra komanda demək olar ki, özünə gəldi?
- Belə oyunları heç vaxt unutmuruq. Lakin növbəti matçlarda daha yaxşı olmaq üçün hər zaman öyrənirik, etdiyimiz səhvləri düzəldirik. Ona görə də, komanda istədiyi nəticələri qazanmağa çalışır. “Kəpəz”lə matçda isə qələbə bizim üçün önəmli idi. 

- "Qarabağ"ın ən asan oyunu oldu deyək?
- Xeyr, bu məsələdə sizinlə razı deyiləm. Çünki asan oyun yoxdur. Bütün matçlar çətindir, həm də biz, bütün matçları vacib hesab edirik. Ona görə ki, həftəboyu işləyirik və meydana çıxanda etdiklərimizi meydanda maksimum yerinə yetirməyə çalışırıq. 

- Özünü "Qarabağ"da necə hiss edirsən? Artıq adaptasiya olmusan, yoxsa buna ehtiyac yox idi?
- Mən özümü “Qarabağ”da xoşbəxt hiss edirəm. Bura mənim evim kimidir. Əvvəl də burada olmuşam, indi də evimdəyəm. İşləməyə davam edirəm. Meydana çıxdığım hər zaman komanda üçün ən yaxşısını verməyə çalışıram.

- "Qarabağ"ın Premyer Liqanı bu mövsüm qazanmaq şanslarını necə dəyərləndirirsən?
- Biz bunun üçün daim işləyirik. Ən yaxşısı olmağa çalışırıq. Məqsədimiz əlbəttə liqanı qazanmaqdır. Hər oyunda da bunun üçün maksimumuzu veririk. Mövsümün sonunda necə olacağını görəcəyik. İnanıram ki, istədiyimizə çatacağıq.

- Komandanı iki gündən sonra "Bayer"ə qarşı oyun gözləyir. Matçla bağlı nə düşünürsən? Səncə, Bakıda uğurlu nəticə haqda düşünmək olar?
- Dediyim kimi, biz ən yaxşısı üçün çalışırıq. Leverkuzendəki oyundan daha yaxşı oynamağa çalışacağıq. Çox yaxşı oyun olacaq. 
 
- Komandanın Avropa Liqasının qrup mərhələsində ikinci yeri tutmaq şanslarını necə dəyərləndirirsən?
- Addım-addım, oyundan oyuna irəliləyirik. Bizim üçün hər bir oyun vacibdir. Matçlar qarşıdadır, hər oyunda ən yaxşısı üçün çalışacağıq.

writer photo
Əlirza Əlirzalı
0