Paytaxtda məhəllələrarası mini futbol turnirinə yekun vurulub
03.05.2024 - 15:12
Paytaxtda məhəllələrarası mini futbol turnirinə yekun vurulub

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan məhəllələrarası mini futbol turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən – paytaxtın rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda arasında iştirak edib.

Turnirin birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb. Daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulub. Həlledici matçda Səbail rayonunun “Bayıl” komandası Nizami rayonunun “Flaqman” kollektivi ilə görüşüb. 3:2 hesabı ilə qalib gələn Səbail təmsilçisi turnirin qalibi olub.

3-cü yer uğrunda oyunda Qaradağ rayonunun “Lökbatan” komandası Xətai rayonunu təmsil edən “Qarabağ”a 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

writer photo
Əlirza Əlirzalı
0