Portuqaliya yüksək liqasında çıxış edən “Farense”nin müdafiəçisi, ötən mövsüm “Qəbələ”də oynamış Lukas Afriko apasport.az saytına müsahibə verib.
- Portuqaliyada işlərin necə gedir? Komanda hazırda sonuncu pillədədir. Bu vəziyyətdən çıxmaq mümkün olacaq?
- Ümumilikdə Portuqaliyada işlər yaxşı gedir. Çempionata zəif başlamışdıq. Amma indi vəziyyəti dəyişmişik və 13-cü yerdən 3 xal geri qalmışıq. Şübhəsiz ki, turnir cədvəlində yuxarı pillələrə qalxacağıq. Buna çox inanırıq.
- Azərbaycan Premyer Liqasından sonra Portuqaliya Superliqasında oynamaq çətin deyil?
- Xeyr, Azərbaycan Premyer Liqasından sonra Portuqaliyada oynamaq mənim üçün çətin deyil. Çünki Portuqaliya çempionatının necə olduğunu bilirəm. Bu mənim Portuqaliyada altıncı ilimdir. Ona görə də hansısa problem yoxdur.
- Azərbaycan və Portuqaliya çempionatları arasında hansı fərqlər var? Sizcə, Azərbaycan futbolunda çatışmayan əsas problem nədir?
- Birincisi, Portuqaliya Avropanın ən yaxşı liqaları arasındadır. Bu, artıq özü böyük fərqdir. Sonra onların iş tərzi, komandaların təşkilatçılığı, mentaliteti və bir çox portuqaliyalı məşqçinin işlədiyi detallara diqqət də böyük fərq yaradır. Başqa məsələlər də var, amma əsas bunları qeyd edərdim.
- Azərbaycan futbolunu, “Qəbələ”ni izləyirsiniz? Azərbaycan çempionatı və “Qəbələ” kənardan necə görünür?
- İmkan daxilində turnir cədvəlinə baxıram, “Qəbələ”nin də nəticələrini izləyirəm. Kaxaber Tsxadadze yaxşı məşqçidir və o, yaxşı iş görüb. Komanda da ona uyğun yaxşı nəticələr verir. “Qəbələ” birinci liqada qol buraxmayan yeganə kollektivdir. Bu da çox yaxşıdır. “Qəbələ”yə uğurlar arzulayıram və ümid edirəm ki, Premyer Liqaya yüksələ biləcəklər.
- “Qəbələ” niyə ötən mövsüm Premyer Liqada qala bilmədi? Problem nə idi?
- Problem bir deyildi. Bir sıra amillər var idi və təsirini göstərdi. Bilirsiz, heç vaxt yalnız bir səbəb komandanın Premyer Liqadan düşməsinə səbəb ola bilməz.
- Yenidən Azərbaycana qayıtmağı düşünürsən? Azərbaycan Premyer Liqası klublarından təklif gəlsə, hansı klubda oynamaq istəyərdin?
- Hazırda diqqətim Portuqaliyadadır. “Farense”dəki oyunlarıma fokuslanmışam. Azərbaycandan heç bir təklifim yoxdur. Gələcək yalnız Allaha məxsusdur. Amma bir gün “Qarabağ” və “Neftçi”dən təklif gəlsə, onlar bunu təhlil edib düşünəcəyim komandalardı.
- Heç Portuqaliyada Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş haqqında danışırlar? O, Azərbaycan millisinə rəhbərlik edir. Amma Azərbaycan millisi yenə də həmişəki kimi uduzur. Sizcə, Santuş Azərbaycan millisinə uğur gətirə bilərmi?
- Bəli, Santuşun adı Portuqaliyada mütləq çəkilir. Özü də, tez-tez. O, Portuqaliya millisində uğurlu çıxış edib və Azərbaycan millisinə töhfə vermək qabiliyyətinə malikdir. Amma dediyim kimi, Avropanın əsas liqalarında oyunçular və məşqçilər arasında fərqli mentalitet və iş tərzi var ki, bu da Azərbaycanda hər kəsə xas deyil. Amma inanıram ki, zaman keçdikcə hər şey dəyişə bilər və Azərbaycan millisinə uğurlar qazandıracaq.