“Bu mesajım “Qarabağ” ailəsinədir! 18 il öncə “Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır”.
Apasport.az saytının məlumatına görə, bu fikirlər “Qarabağ”ın sabiq futbolçusu Qara Qarayevə məxsusdur.
Bu gün Ağdam klubu ilə yollarını ayırdığı rəsmiləşən 31 yaşlı yarımmüdafiəçi doğma komandasından getməsi ilə bağlı paylaşım edib. Qarayev feysbuk səhifəsində klubu ilə vidalaşıb: “Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim”.
Qarayev “Qarabağ”da yaşadıqlarına görə təşəkkürünü də çatdırıb: “İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman mənə öz övladınız, qardaşınız kimi sahibləndiniz...”
Yarımmüdafiəçi ayrılsa da, “Qarabağ”ı sevdiyini bildirib: “Futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımı “Qarabağ”a borcluyam. Bütün azarkeşlərə, eləcə də “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, “Qarabağ” daim ürəyimdə qalacaq”.
Qeyd edək ki, Qarayevin “Neftçi”yə keçəcəyi gözlənilir.