“Qarabağ” "Braqa" görüşü ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
21.02.2024 - 15:59
“Qarabağ” "Braqa" görüşü ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” - "Braqa" oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Bakı Metropolitenindən apasport.az-a verilən məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

Məlumata görə, “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.

writer photo
Əlirza Əlirzalı
0