Bu gün “Olimpiakos”la qarşılaşacaq “Qarabağ” Avropa Liqasında yeni rekorda imza ata bilər.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin qrupunda bir mövsümə ən çox xal toplayan Azərbaycan komandası adına sahib çıxmağa yaxındır.
Ağdam təmsilçisi üç oyundan sonra 6 xala malikdir. Yunanıstan çempionu üzərində qələbə ilə bu rəqəm 9-a çatacaq.
Azərbaycan klublarının Avropa Liqasının qrupundakı rekordu 7 xala bərabərdir. “Qarabağ” 2016/17 mövsümündə 6 matçda 2 qələbə və 1 heç-heçəyə nail olub.
“Olimpiakos”la görüşdəki heç-heçə həmin rekordun təkrarlanması ilə nəticələnəcək. Qələbə isə mütləq rekordla əlamətdar olacaq.
Qurbanovun komandasının indiki nəticəsi isə ikinci göstəriciyə şərikdir. “Qarabağ” 2014/15 mövsümündə də qrupda 6 xal yığıb.
Qeyd edək ki, indiyədək “Qəbələ”nin iki, “Neftçi”nin bir dəfə oynadığı Avropa Liqasının qrup mərhələsində “Qarabağ” 7-ci dəfə qüvvəsini sınayır.