“Qarabağ”ın Çempionlar Liqasının pley-offunun püşkatmasında yer ala biləcəyi səbət dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz püşkdə səpələnməmişlər səbətində ola bilər.
Bunun üçün Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsinə yüksəlməlidir. Ağdam klubu İsveçrə “Sürix”ini adlasa, avqustun 2-dəki püşkatmaya cüt kimi qatılacaq. “Qarabağ” və ya “Sürix” III təsnifat mərhələsində “Ferensvaroş” – “Slovan” cütünün qalibi ilə görüşəcək. Məhz 3-cü raundun bu cütlüyü də pley-offun püşkatmasında səpələnməmiş olacaq.
Buna II təsnifat mərhələsinin dünənki görüşləri aydınlıq gətirib. Daha yüksək reytinqə malik Zaqreb “Dinamo”su və “Viktoriya” 3-cü raunda vəsiqə qazanıb. Bu da “Qarabağ”ın səpələnmiş olmaq imkanının üzərindən xətt çəkib.
Çünki daha iki komanda “Kopenhagen” və “Srvena Zvezda” da reytinqlilərin səbətində yer alacaq. Məhz buna görə də bu gün meydana çıxacaq “Olimpiakos”un oyununun nəticəsi Azərbaycan çempionuna təsir etməyəcək.
Qeyd edək ki, pley-offun püşkatmasında 2 klub – “Kopenhagen”lə “Trabzonspor”, həmçinin III təsnifat mərhələsinin 6 cütü iştirak edəcək. 4 ən reytinqli səpələnmişlərdən olacaq. Bunlar “Kopenhagen”, həmçinin “Srvena Zvezda” və Zaqreb “Dinamo”sunun yer aldığı cütlərdir. Səbətin 4-cüsü ya “Olimpiakos”un, ya da “Viktoriya”nın cütü olacaq.