“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” ilk transferini reallaşdırmağa hazırlaşır.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan təmsilçisi “Belenenseş”in yarımmüdafiəçisi Afonso Souzanı heyətinə qatmaq üzrədir.
Klublar 22 yaşlı oyunçunun keçidində ortaq məxrəcə gəlib. “Lex” portuqaliyalının transferi müqabilində qarşı tərəfə 1 milyon avrodan bir qədər az pul ödəyəcək. “Porto”nun sabiq oyunçusu özü də polşalılarla şəxsi müqaviləni razılaşdırıb. Yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə 12-də Bakıda keçiriləcək.