“Qəbələ”nin kapitanı: “Gözümü açandan onlara azarkeşlik eləmişəm”
22.11.2022 - 12:19
“Qəbələ”nin kapitanı: “Gözümü açandan onlara azarkeşlik eləmişəm”

“Bütün futbolsevərlər kimi, mənim də ən çox sevdiyim çempionat başlayıb”.

Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov Qətərdə keçirilən dünya çempionatı ilə bağlı fikir bildirərkən deyib.

36 yaşlı yarımmüdafiəçi mundialda Braziliya yığmasını dəstəklədiyini söyləyib: “Bu bir ay futbol bayramı olacaq. Gözümü açandan bir komandaya azarkeşlik eləmişəm ki, bu da Braziliyadır. DÇ-2022-də də həm bu komandanı dəstəkləyirəm, həm də favoritim elə onlardır. Braziliya yığmasının bütün qarşılaşmalarını sevə-sevə izləməyə çalışacağam. Bu turnirdə sürpriz gözlədiyim komanda isə Danimarkadır. Məncə, bu yığma çox irəliləyə bilər”.

Məmmədov Qətərdə azarkeşlərlə bağlı tətbiq edilən qadağaların turnirə mənfi təsir etməyəcəyini düşünür: “Qətər çox gözəl yerdə məskunlaşan ölkədir. Onların təşkilatçılığı da yəqin ki, yüksək səviyyədə olacaq. İlk günlər bəzi qadağalar tətbiq edilir. Əsas qadağa içki ilə bağlıdır. Məncə, içkisiz də çempionat maraqlı alınacaq. İlk oyunlarda gördüyünüz kimi, stadionlarda atmosfer gözəldir”.

Qeyd edək ki, G qrupunda yer alan Braziliya yığması Serbiya, İsveçrə və Kamerunla qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0