"Ayyub yayda ən bəyəndiyimiz oyunçudur. Ona o vaxtı da təklif göndərmişdik. Qışda müsbət cavab verdi”.
Bunu apasport.az saytına “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Gənc mütəxəssis bölgə təmsilçisinin qış transfer pəncərəsində Belçikanın "Ekselsior Virton" klubundan aldıqları Əyyub Allaşla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, “Qəbələ” bu keçidə heç bir məbləğ ödənilməyib: "Allaşın Premyer Liqada parlaması da mümkündür. O, potensialı olan futbolçudur. Üzərində çox işləsə, oyunu ilə çempionatımıza rəng qata bilər".
Baxşıyev yeni transferin Premyer Liqanın XXII turunun "Neftçi" ilə görüşdə debüt edib-etməyəcəyinə də aydınlıq gətirib: "Bu matçadək hələ iki məşqimiz var. Durumu yaxşı olacaqsa, onu meydanda görə bilərik".
Qeyd edək ki, Allaşla 1,5 illik müqavilə imzalanıb.