Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində turniri davam edir.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı mübarizəyə qoşulub.
Avropa Oyunlarının mükafatçısı Tayfur Əliyev (60 kq) 1/8 final çərçivəsində Kərim Abdulla (Mali) ilə qarşılaşıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (30:25, 29:27, 29:27, 29:27, 29:27). Əliyev yarımfinala gedən yolda rusiyalı Vsevolod Şumkovla döyüşəcək.
Tayfurun uğurunu qardaşı Sərxan Əliyev də təkrarlayıb. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının bürünc medalçısı ilk qarşılaşmasında Sarohatua Lumbantobinqlə (İndoneziya) münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:26) hesabı ilə məğlub edən Əliyev mərhələ adlayıb. Sərxan 1/4 finalda Alimami Kristian Tomasla (Sierra Leone) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışın üçüncü günündə Murad Allahverdiyev (80 kq) İmam Xatayevlə (Rusiya), Mirşərif Kazımzadə (75 kq) David Mvenekabve (Konqo Demokratik Respublikası) ilə döyüşəcək.