“Qrupa düşmək üçün son rəqibdir. Fərqli oyunlar keçirdik, fərqli rəqiblərə qarşı çıxış etdik".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə evdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan tədbirdə komandasının sabahkı görüşə hazır olduğunu bildirib: “Viktoriya" digərlərindən tam fərqlənir. Çexiya futbolu həmişə oyun nizam-intizamına görə digərlərindən fərqlənib. Oyunlarına baxırıq. Verilən tapşırıqları sevə-sevə yerinə yetirirlər. Atletik futbola üstünlük verirlər. İstənilən halda bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu görüşdə daha çox güc sərf eləməli olacağıq. Həm Bakıda, həm də səfərdə futbolçularım çox dözümlü olmalıdır. Son sınaqdan faydalanmağa çalışacağıq. Ən azı azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirmək istəyirik. Hiss olunur ki, matça maraq böyükdür. Oyunumuzla azarkeşlərin inamını doğrultmağa çalışacağıq. İnanıram ki, onları razı sala biləcəyik".
- 6 il əvvəl də "Viktoriya" ilə qarşılaşmışdınız. Bu müddətdə "Qarabağ" və Qurban Qurbanovda hansı dəyişikliklər olub?
- Bəli, bu komanda ilə oynamışıq və mərhələ adlayan tərəf onlar olmuşdu. Yaxşı xatırlayırıq, çox qol imkanlarımız yaranmışdı. Amma onlar ələ düşən imkandan yararlanaraq qol vurdular. Hər oyun mənim və komandam üçün böyük addımdır. İldən-ilə təcrübəmiz artır. Amma yenə də hamımız üçün çox azdır. Daha çox təcrübə toplamalıyıq. Böyük təcrübə də bu oyunlarda qazanılır. Çempionlar Liqasında gərginlik, həyəcan digərlərindən çox olur. Azarkeşlər də istəyirlər ki, komandamız qrupda yer alsın. Bu da məsuliyyətimizi artırır. Belədə həyəcan da çox olur. Əvvəlki illərə nisbətən daha soyuqqanlı davranırıq və təcrübəmiz hiss olunur.
- "Qarabağ" Polşa və Macarıstan azarkeşində Azərbaycan futboluna qarşı münasibəti dəyişdi. Növbəti rəqib isə heç vaxt klublarını məğlub etmədiyimiz Çexiya təmsilçisidir. Çexiya sindromunu da qırmaq mümkün olacaqmı?
- Bu il gərgin oyunlarımız çox oldu. Polşa, İsveçrə və Macarıstan çempionları ilə qarşılaşdıq. Bizə həmişə yuxarıdan aşağı baxıblar fikrini demək istəmirəm. Amma əksər ölkələrdə bizim düşünmədiyimiz şəkildə inkişaf edir. Onlarla qarşılaşanda da ciddi çətinliklər çəkirik. Macarıstan bu ölkələrdən biridir. Bizim ümumi illik planlarımız var. Həmişə futbolçularıma arxayın olmuşam. Rəqib haqda tanışlıq verdikdə bunu diqqətlə, istəklə qarşılayırlar. Futbolçularımla birlikdə daha bərk, möhkəm olub, xarakter göstərərək, yaxşı oynayacağımıza inanıram. Təəssüf ki, rəqib də belə düşünür. Bəlkə fərqli oyun göstərdilər. Futbolçuların oyunun gedişində düzgün düşünməsi, hiss etməsi qalibiyyətimiz üçün üstünlük olacaq. Bunu etsələr, qələbə əldə edə biləcəyik. Rəqib 5-6 futbolçu ilə sürətli hücuma çıxır və standart vəziyyətlərdə bacarıqlıdır. Son 6 oyunda 15 qolun 7-ni standart vəziyyətlərdən vurublar. Çalışacağıq ki, meydanın bizə aid hissəsində az olsunlar.
- Havanın isti olmasını "Qarabağ" üçün üstünlük saymaq olar?
- Bakının istisi mənim üçün həmişə xoş olub, digər ölkələrin havasından fərqlənib. O ki qaldı idman amilinə, isti havada məşq prosesi keçmək əlavə enerji alır. Eyni məşqi sərin havada keçirdiyimiz zaman digərindən çox faydalı olur. Məşqin sürəti, keyfiyyəti fərqlənir. Belə olduqda futbol daha yaxşı inkişaf edir. Avropa futbolunun üstünlüklərindən biri də onun iqlimidir. Onlar çox az müddətdə isti havada hazırlaşırlar. Bizdə isə isti havada istədiyin sürət olmur. Bu da hər bir futbolçu üçün geriyə addım deməkdir. Digər komandalar daha hazırlıqlı gəlirlər, nəinki biz. İstədikləri yükləməni futbolçulara verə bilirlər, amma biz bunu əldə edə bilmirik. İsti hava hazırlıqlı olmayan futbolçuya daha çox təsir edir. Bu barədə müəyyən addımlar atırıq, məşqləri tez saatlara salmağa çalışırıq. Bakının istisindən xoşum gəlir. Bizə əlavə güc verən azarkeşlərimiz var. Onların dəstəyi ilə yorğunluğumuz çıxır.
- İlk oyunun Bakıda keçirilməsinin hansı üstünlüyü ola bilər?
- Futbol elə səviyyəyə gəlib ki, artıq ev-səfər amili yoxdur. Futbolçuların təcrübələri artıb. Üstünlük odur ki, öz meydanında oynadığın zaman azarkeşlər səni dəstəkləyir. İlk oyunun üstünlüyü rəqibi daha yaxından tanımaqdır. Son vaxtlar ilk görüşün harada keçirilməsinə önəm vermirik. Çünki istənilən halda hər iki matçda rəqibə qarşı hazırlaşmalısan. Bu mövsümdəki nəticələr də göstərir ki, birinci görüşün Bakıda baş tutması bizim üçün faydalı olub. Yalnız xırda detallarla fərqlənir.
- Biletlərlə bağlı azarkeşləri müəyyən narazılığı var. Onların könlünü necə almağı düşünürsünüz?
- Azərbaycanda futbola maraq artıb. Bu maraq sevindiricidir. Azərbaycanda azarkeşlər var, bizdə futbolu sevirlər. Sadəcə onları küsdürmək olmaz. Bizim əlimizə futbolumuzu inkişaf etdirmək üçün şans düşübsə, bundan maksimum istifadə etməliyik. İşimizi elə qurmalıyıq ki, azarkeşlərin futbola sevgisi davam eləsin. Bu epizodlara görə onları ancaq alqışlayıram. Özümün və komandamın adından təşəkkür edirəm. Mən narazılıq deməzdim, ürəkdən gələn bir şeydir. Çox istərdim ki, onların hamısı stadionda olsun. 30 min azarkeş stadionda baxırsa, digərləri restoranlarda, monitorlarda, evlərində izləyirlər. İnşallah, gələcəkdə çempionatımız yaxşı səviyyəyə gəlib çıxar və daxili birincilikdə də azarkeşlərimiz çox olar. Əgər klub tərəfindən hər hansı bir çatışmazlıq olubsa, üzürlü saysınlar. İmkanım olsa, bütün futbolçuları meydana buraxardım. Hamısı çox yaxşı hazırlaşır. Eləcə də 30 mindən artıq azarkeşin oyuna gələ bilməməsinə üzülürəm. Futbolumuzun sevilməsi, inkişafı üçün bu hallar təkan olacaq.
- Son 6 oyunda 14 qol vursanız da, müdafiə xətti narahatlıq doğurur. Qapıçı Şahruddin Məhəmmədəliyev də daxil olmaqla müdafiədə stabillik çatmır. Qarşıda isə qrup mərhələsi gəlir. Müdafiənin gücləndirilməsi ilə bağlı nə düşünürsünüz? Bu müdafiə xətti ilə nəhəng klublara qarşı nəyə ümid edə bilərik?
- Eybi yox, az qol buraxaq, amma çox qol vurub qalib gələk. Futbolda belədir ki, çox hücumda olursansa, müdafiəndə boşluqlar yaranır. Bu gün Avropada çox nadir hallarda qolsuz başa çatan oyun olur. İstənilən rəqib cüzi boşluqdan istifadə edə bilir. Son vaxtlar sərgilədiyimiz oyunun buraxılan qollarda bəlkə rolu böyükdür. Çox qapanmaq istəmirik. Oyunu rəqib meydanında qurmağa çalışırıq. Əsas vacib olan stabil nəticədir. Mən müdafiə xəttindən razıyam. Texniki səhvlər ola bilər. Məni narahat edən də hər bir xətdə olan texniki səhvlərdir. Bu da qaçılmazdır. Amma oyunçularımın rəqibdən çəkinməməsi məni sevindirir. Müdafiəçilərim daha çox təkbətək mübarizədə olurlar. Çalışırıq ki, onlar nə sürətdə, nə də təkbətək mübarizədə uduzsunlar. Hamı istəyər ki, komanda daha yaxşı müdafiə olunsun. Amma mən komandamdan razıyam. Yeni müdafiəçi götürmək fikrim yoxdur. Zədəlilərimiz də sıraya dönəcək. Çempionlar Liqasının qrupunda oynamaq onların haqqıdır. Milli üzvlərimizin titullu komandalara qarşı oynaması yığma üçün də faydalıdır. Onların indi kənarda qalmaq yox, inkişaf etmək vaxtdır. Məsələn, Bəhlul Mustafazadənin artıq Avropa təcrübəsi var. Bəli, bəzən nəyisə qurban veririk. Amma bunu onlara görə edirik.
- Hər kəs Çempionlar Liqasının qrupuna vəsiqə gözləyir. Bu amil futbolçularda psixoloji təzyiq yaratmır?
- Hamı arzu, dua edir ki, qrupa düşək. Bu mənə və futbolçulara böyük məsuliyyət verir. Məncə, qrupda oynamağımızı gözləmirlər, arzu edirlər. Bu da bizi yaxşı mənada həyəcanlı edir. İnanıram ki, sevinmək üçün hamımız bir yerdə hər şeyi edəcəyik.
Ruslan Sadıqov