Qurban Qurbanov: “Bizə çox ciddi yanaşırlar”
06.10.2024 - 22:48
Qurban Qurbanov: “Bizə çox ciddi yanaşırlar”

Misli Premyer Liqasının IX turunun “Sumqayıt” - “Qarabağ” matçından (0:1) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

“Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli azarkeş dəstəyi var idi. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım”.

- Yeni oyunçulardan Aleksey Kaşuk debüt etdi. Onun haqda fikriniz necədir?
- Kaşuk bir ildən çox idi ki, oynamamışdı. Heç normal hazırlıq da keçməmişdi. Onun üçün bu gün oynamaq asan deyildi. Eləcə də Musa üçün. Nə qədər vaxt idi ki, əməliyyatdan sonra hələ tam öz optimal formasından uzaqdır. Onların bugünkü hazırlığına görə performansından razı qaldım. Dinamikanı tam qoruyub-saxlaya bilmirdilər. Bəzi texniki səhvlər olurdu. Amma diqqətləri oyunda idi. Mənim üçün vacib olan odur. Pis alınmadı. Ümumən vacib olan onların məşqdəki hazırlıqlarıdır. Bu cür davam etsələr, hər ikisinin idman forması daha yaxşı olacaq. İmkan, şans olduqca, formalarını geri qaytaracağıq.

- İkinci hissədə sanki taktiki dəyişiklik etdiniz...
- Hücum xəttindəki iki oyunçumuz hazır deyildi, ona görə bu cür dəyişikliklər etdim.

- "Sumqayıt" zəif komandalardandır, amma onlara çətinliklə qol vurdunuz...
- Real yanaşaq. Hansısa komanda bizdən aşağı pillədədirsə, o demək deyil ki, biz onlara 4-5 qol vurmalıyıq. Özümüzdən güclü rəqibə qalib gəlmişik, özümüzdən zəifə də uduzmuşuq. Statistikaya görə deyirəm. "Sumqayıt"ın turnir cədvəlindəki yeri aşağı pillədə olsa da, onların özünəməxsus oyun üslubu var. Ən intizamlı müdafiə olunan oyunlarından biri idi. Çox bəyəndim. Kəsərli əks-hücumları var idi. Futbolda belə termin yoxdur ki, zəif komandaya mütləq 4-5 qol vurmalıyıq. Heç kimə zəif gözü ilə baxmırıq. Bu həmin "Sumqayıt"dır ki, ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Onların ötən mövsüm də uğursuz seriyası var idi, ancaq onlar bizə burada qalib gəldi. Özü də biz əsas heyətlə oynayırdıq. Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda digərinə qalib gələ bilər. Vacib olan futbolçuların meydandakı düşüncəsi, intizamlı oyunu, dinamikasıdır. Belə olduqda, uduzsaq da, bəzən məyus olmuruq. Elə oyunlar var ki, istəksiz, dinamikasız uduruq, ya uduzuruq. Bu da məni narahat edir. Bu gün qalib gəlməsəydik də, futbolçulardan razılıq bildirəcəkdim. Çünki neçə oyundur ki, xeyli rotasiyalar edirik. Qarşımızda çox yaxşı məşqçi, çox yaxşı kollektiv var idi.

- Qol epizodlarınız çox olsa da, dəyərləndirə bilmirsiz. Bu şanssızlıqdır, yoxsa necə?
- Məncə, qollar gələcək. Çünki biri var biz qol epizodu yarada bilməyək, ya onların sayı az olsun. Qol vurmamağa gəlincə... Ola bilər ki, hansısa seriyada, periodda çətinlik yaranır. Amma ümumən o oyunçulardır ki, onlar bunu daha yaxşı bacarırlar. Bəlkə bəzən öz idman formasından uzaq olurlar, bəlkə oyunlara psixoloji olaraq daha yaxşı hazırlaşa bilmirlər. Ancaq onlar həmin oyunçulardır ki, daha yaxşısını bacarırlar. Onlara güvənirəm, bacarıram. Rəqibləri də nəzərə almalıyıq. Hər bir futbolçumuza çox ciddi yanaşırlar. İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir.

- "Ayaks"ı təhlil etməyə başlamısız?
- Tam yox, qarşıdakı günlərdə başlayacağıq.

- Avrokuboklarda son dörd oyunda uduzduqdan sonra növbəti görüşlərə köklənmək çətin olmayacaq?
- Allah qoysa, olar. Bizim məğlubiyyətimiz meydandakı oyunumuza görə olsa, narahatçılıq verə bilər. Amma ümumən oyuna görə məğlub olası oyunlar deyildi. Bizə çox ciddi yanaşırlar. Əvvəllər bizə bəlkə bir o qədər ciddi yanaşmırdılar. İnanın ki, Avropada rəqiblər bizə görə hətta öz oyun üslubundan çıxırlar. Bizə qarşı tam başqa oyun üslubu qururlar. Bizimlə oyunda ya beşli müdafiə oynayırlar, ya da birəbir oynayırlar. Bu bir tərəfdən bizi sevindirir. Demək ki, bizə böyük dəyər verirlər. Bu cür hallara hazır olmalıyıq. Ruhdan düşmədən, rəqibdən asılı olmayaraq, yaxşı nəticə üçün hazırlaşacağıq.

writer photo
Əlirza Əlirzalı
0