Qurban Qurbanov: “Bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın” - MÜSAHİBƏ
11.02.2023 - 19:39
Qurban Qurbanov: “Bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın” - MÜSAHİBƏ

"Maraqlı oyun alındı. Qış fasiləsindən sonra ilk oyun idi ki, dinamik, sürətli keçdi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Misli Premyer Liqasının XXII turunun “Sabah”la (1:1) oyununu dəyərləndirib. Təcrübəli mütəxəssis matçdan sonra mətbuat konfransında bildirib ki, futbolçularımdan razı qalıb: “Bu gün heç bir komanda uduzmağa layiq deyildi. Hər iki komandaya uğurlar arzulayıram. Ədalətli nəticə bərabərlik idi”.

- Qapı mövqeyi haqda fikriniz necədir?
- Tək biz qapıçını düşünsək ki, "Gent" oyununa Aminlə çıxmağa qorxuruq, yox qorxmuruq. Heç vaxt qorxmamışıq. "Gent" yaxşı komandadır, yaxşı liqada oynayır, keyfiyyətli oyunçuları var. Hansı oyunçu ilə də meydana da çıxsaq, istənilən rəqibin üzərinə getməyi qarşımıza məqsəd qoymuşuq. Hansısa oyunu böyükhesabla uduza da bilərik. "Qarabağ"da əvvəllər gənc futbolçularla çox güclü klubların qarşısına çıxmışıq. Meydana kim çıxırsa, ona güvənirəm, inanıram. Heç nədən çəkinmirik.

- “Marsel”lə matçda fair-play etmiş adamsınız. "Sabah"ın mübahisəli penalti epizoduna necə şərh verərdiniz? Sizcə, "Qarabağ"ın Elçin Məsiyevin rəğbət bəsləməsinə ehtiyacı var?
- Elə dediz ki, Elçin bizim qohumumuzdur. Epizoda baxmısız, ya yox, bilmirəm. Ramil Şeydayevin epizoduna da baxmısız? Mənim fair-pleyimlə düzgün müqayisə etmədiz. Hakimliklə bağlı o qədər yeniliklər var. Baxmaq lazımdır ki, Romao hardadır, məsafə nə qədərdir. Ən ədalətli insanlar hakimlər olmalıdır. Ən ağır peşə də onlarındır. Xahiş edirəm, bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın. Bu mənə aid olmayan epizoddur.

- Amin Ramazanova şans verirsiz. Bu onu göstərir ki, Konfrans Liqasında “Gent”lə oyuna hazırlayırsız?
- Bugünkü heyət o demək deyil ki, "Gent"lə matça belə çıxacağıq. Rəqibin oyunlarına baxacağıq. Ondan sonra qərar verəcəyik. Elə anlar var ki, biz tələsməli deyilik. Hər bir oyunçunun "Gent"lə oyunda oynamaq ehtimalı var. Qarşıdakı günlərdə kimin hansı səviyyədə olduğuna baxacağıq. Musa da olsa, Amin də olsa, nə vaxtsa bu oyunun gücünü hiss etməlidir.

- Yeni gələnlərin durumundan nə dərəcədə razısız? 
- Razıyam dedikdə, işə yanaşmalarından razıyam. Hazırlıqları məni tam qane etmir. Diakabi bizə tez qoşulmuşdu. O da oyunlardan məşqlərdən uzaq qalmışdı. Onun hazırlığı digərlərinə baxanda daha yaxşı səviyyədədir. Amma ona da vaxt lazımdır. Benzia da öz formasından çox uzaqdır. Ona çox vaxt lazım ola bilər ki, əvvəlki formasını bərpa etsin. Tələsmirik, ehtiyatlanırıq. Diakabi "Şamaxı" ilə matçda meydanda oldu, əzələsində bir az dartılma oldu. "Gent" vacib oyundur, istəyərdim ki, hamısı hazır olsun. İnanıram ki, hər üçü də komandamız üçün faydalı oyunçular olacaq.

- "Gent"in oyununa kimisə göndərmisiz? Hansı məlumatları əldə etdiz?
- Özüm də getmişdim. Bu gün heç kim getməyib. Ehtiyac görmədim, vacib oyunumuz var idi, diqqətimiz buradaydı. Fərqli komandadır, fərqli sistemdə oynayırlar. Çox sürətli oyunçuları var. Çox sürətli hücumlara keçirlər. Bizə xoş olmayan komandadır. Biz belə komandalara qarşı çox oynamışıq. Son oyunlarına baxıb, ətraflı məlumat yığacağıq. İstəmərik ki, hansısa rəqibdən çəkinək.

- Ramil Şeydayevin xarici klublardan təklif aldığı deyilir. Onunla danışıq aparacaqsız?
- Buna normal baxıram. Çünki hər bir çempionatda üzdə olan oyunçulara maraq böyük olur. Bombardirlər sırasındadırsa, mütəmadi oynayırsa, maraq olacaq. Ramilin maya kimi bizimlə müqaviləsi var. "Transfer pəncərə"si də bağlanıb. Harasa getməsi real görünmür. Bizimlədir. Danışıqlar aparacağıq.
 

writer photo
Əlirza Əlirzalı
0