“Mənim uğurlarım Musanın qarşısını almır”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran çalışdırıcı oğlu Musa Qurbanlı ilə bağlı fikirlərini bölüşüb. O, öz futbolçu karyerası ilə oğlununkunu müqayisə etməyin doğru olmadığını söyləyib: “Musaya bu tip suallar verən çoxdur. Hətta mənə də irad bildirirlər ki, oğlu olduğu üçün Musaya az şans verir. Elə böyük futbolçu karyeram olmayıb ki, Musaya maneçilik törətsin. Musaya da demişəm ki, məndən daha yaxşı olmağı qarşına məqsəd qoymalısan. Bu prinsipi yoxdursa, futbolçu olmağa ehtiyac yoxdur. Hər bir potensiallı insanın yanında yaxşı şəxsiyyət olmalıdır. Gənc yaşda insanın səhvləri həddən artıq çox olur. Azərbaycanlı futbolçularla bağlı ən böyük narahatlığım da budur. Hərə hansısa futbolçuya çatmaq istəyir. Musa məndən bir az yaxşı olacaqsa, bu güclü futbolçu üçün bəs eləmir. Məndəki xarakterin futbolçularımda olmasını istəyirəm”.
Qurbanov ən çox narahat olduğu məqamın insanların mobil telefonlara aludə olduğunu göstərib: “Son vaxtlar hamımızın yaralı yeri mobil telefonlar, sosial şəbəkələrdir. İnsan həyatının 70 faizini bu telefonlar alıb. Mənim bu gün də sosial şəbəkələrdə səhifəm yoxdur. Gənclikdəki prinsiplərimi qoruyub saxlayıram. Amma oğlum da daxil olmaqla, indiki futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər. İndiki futbolçuların gərək daim yanında olasan, bazada çox saxlayasan ki, potensialını yaxşılaşdırasan. Telefon bütün cəmiyyətin yaşam tərzinə çevrilir. Məsləhətlər verirsin, oğlum da olsa, “baş üstə” deyir. Amma yenə də ətrafın təsiri böyük olur. Mənim qədər çalışsalar, məndən də yaxşı futbolmu olarlar. Musa yalnız məndən yaxşı futbolçu olmaq istəyirsə, ola bilməyəcək. Daha yaxşısını qarşısına hədəf qoymalıdır”.