Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
01.09.2022 - 21:05
Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ

“Vacib 3 xal qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Misli Premyer Liqasının V turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib: “Qəbələdə istənilən komandaya qarşı oynamaq həmişə asan deyil. Proqramımız üzrə hazırlaşırdıq. Demək olar ki, hər şey düşündüyümüz kimi alındı və vacib olan 3 xalı qazandıq”. 

- Transfer pəncərəsinin bağlanmasına saatlar qalıb. Azarkeşlər sizdən bununla bağlı xəbər gözləyirlər. Yenilik var?
- Yoxdur. Hələ ki, alınmadı.

- Transfer etmədiyiniz halda, hücumda əsas ümidlər Kvabena Ovusuya olacaq. O isə bu gün Premyer Liqada ən zəif müdafiə xəttinə malik komandaya qarşı heç nə ilə yadda qalmadı, hətta bir neçə qol şansını qaçırdı. Belədə Avropa Liqasında ondan nə gözləyə bilərik?
- Hələ neqativ yanaşmaq lazım deyil. Bizdə dəfələrlə olub ki, çox oyunçularımız gedib. Amma bu günə kimi uğurlarımızı minimum qoruyub saxlamağa çalışmışıq. Keçən il komandamızın hücum xəttinə baxsaz, təkcə Ramil Şeydayevlə qrupa düşdük. Fərqi yoxdur, Konfrans və ya Avropa Liqası. Hücum xəttində Şeydayev də, Ovusu da var. Məni daha çox ona görə tənqid edirlər, Musa da var. İstəyirlər onu da meydana buraxaq. Amma hər bir yerdə yenilik, düzgün giriş etmək istəyirik. Hətta transfer pəncərəsində belə. Bu cür halla üzləşməmişdik. Hansı ki, pəncərənin başa çatmasına 2-3 gün qalmış futbolçumuzu ölkə xaricinə verdik. Tarixi olan maraqlı bir komandaya getdi. Düşünürəm ki, futbolçu gətirməyimizin deyil, verməyimizin də təkcə “Qarabağ”a deyil, Azərbaycan futboluna faydası var. Bu çempionatda oynayan komandadan bazara oyunçu gedirsə, əlavə diqqət, maraq oyanır. Transfer üçün son bir ayda aktiv çalışırdıq. Sadəcə tam istədiyimizi əldə edə bilmədik. İnanın ki, bu gün oyuna gələnədək həm matça hazırlaşırdım, həm də transfer məsələləri ilə məşğul olurdum. Hətta son dəqiqələrə kimi futbolçuya baxır, danışıqlar aparırdıq. Boş durmurduq. Alınmadı. Bu o demək deyil ki, biz qrupa tam ümidsiz gedirik. Azarkeşlərimizi sevindirməyə, yaxşı mübarizə aparmağa maksimum çalışacağıq. Bu gün neqativ yanaşsaq, futbolçularım inamsız da ola bilər. Buna görə oyunçularıma güvənirəm. Hətta keçən il əlimdə 15-16 futbolçu vardı. Onlara güvəndim, onlarla irəlilədim. Bu gün də əlimizdə olanlar bunlardırsa, düzgün işləməyə çalışacağıq. Əlbəttə, 2 mövqeyə futbolçu istəyirdim. Alınmadı. Ola bilər qışda alınsın, yaxud yayda baş tutsun. Düşünürəm ki, Vadjinin “Sent-Etyen”ə transferi digər ölkələrin, klubların da Azərbaycan bazarına marağını yüksəldəcək. 

- Bu gün futbolçularınızda rahatlıq hiss olunurdu. Sanki onlar oyuna lazımı səviyyədə köklənməyiblər. Bu bizə belə gəlirdi, yoxsa siz də o düşüncədəsiz?
- İnsan ilboyu özünü sağlam, gümrah hiss edə bilməz. Futbolçularımızın son 2 ayda hansı ağır yükü daşıdığının şahidisiz. Belə deyək, bizim üçün bir mövsüm bitib. Fasilədə istirahət etmək üçün vaxtımız normal olmadı. Çünki birinci təsnifat mərhələsindən başlayırdıq. Konfrans Liqasında ikinci raunddan mübarizəyə qoşulursan və istirahətə, yaxşı məşqə əlavə 20 gün vaxtın olur. Milli komandanın oyunçularının da dincəlməyə vaxtı olmadığını nəzərə alsaq, qrupa qədərki dövrü mikromövsüm adlandırardım. Bu heç də asan deyil. Burda fiziki, psixoloji yorğunluqdan söhbət gedir. 4 komandaya qarşı 8 oyunumuz oldu və hər biri də gərgin keçdi. Bu günə gəlincə, xeyli sayda qol epizodlarımız oldu. Digər tərəfdən digər komanda hansı ritmdə olursa, bəzən qarşısındakı da eyni ritmə düşür. Bunu da nəzərə almaq lazımdır. Mövsümdə belə oyunlar bununla bitməyəcək. Olar bilər ki, 5-10 qarşılaşmadan sonra komanda yenə belə passiv futbol oynayacaq. 

- Şahrudin Məhəmmədəliyevin bu oyunda demək olar ki, işi olmadı. Matçın böyük hissəsini yenə qapıdan xeyli aralıda, cərimə meydançası ilə mərkəz arasında dayanmışdı. Bunun onda bir adətə çevrildiyini demək olarmı?
- Şahrudinin səhvi düşündüyünüz dərəcədə deyil. Bu gün bütün komandamız – 10 futbolçumuz rəqibin cərimə meydançasındaydı. Çalışırıq ki, maksimum rəqib nə qədər imkan yaradırsa oyunumuzu onların zonasında quraq. Belə qollar, qapıçı səhvləri dünya futbolunda heç də az deyil. Onlar içərisində ən təcrübəli və güclülər də olub. Bir səhvi çox hallandıranda, istər-istəməz insanda ümidsizlik də yaranacaq, inamsızlıq da olacaq. Mənim üzərimə də bu qədər gəlirlər. Çünki baş məşqçi, qərar verən mənəm. Narazılıq də təkcə ona deyil, birbaşa mənədir. Biz hər şeyi doğru etməyə çalışırıq. Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər. Mənim üçün isə kollektiv, komandaya ürəyini qoyan insanlar çox önəmlidir. Futbolçularımızın hər birinə güvənirəm və onlara inanaraq irəli gedəcəm. 

- “Qarabağ” Avropa Liqasının ilk turunda “Frayburq”la oyun üçün Almaniyaya yollanacaq. Gözləntiləriniz nədir?
- Həm yaxşı oyun, həm də yaxşı nəticə əldə etməyi çox istəyirik. Rəqibin oyununa baxmışıq. Amma hələ tam hazırlaşmamışıq. Sabahdan ətraflı müzakirə, analiz etməyə başlayacağıq. Səfərə böyük ümid, yaxşı nəticə üçün gedəcəyik. 

writer photo
Əlirza Əlirzalı
0