Qurban Qurbanov: "Neftçi" məğlub olmaq istəmirdi"
02.05.2023 - 22:29
Qurban Qurbanov: "Neftçi" məğlub olmaq istəmirdi"

“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onların səsi, sayı futbolçularımıza çox kömək oldu". 

Apasport.az xəbər verir ki, bu sözləri Premyer Liqada “Neftçi” üzərindəki qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, 4:2 hesabı qalib gəldikləri oyunu şərh edib. Qurbanov bildirib ki, görüş azarkeşlər baxımlı alınıb: "Qalib gəlməyi çox istəyirdik. Sonda qələbə bizimlə oldu. Amma nəticəni nəzərə almasaq, matçı analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi, dinamik oyun keçdi. Xeyli sayda hücumlar və qol epizodlarımız oldu. "Neftçi" məğlub olmaq istəmirdi, sonadək mübarizə apardı. Hər iki komandanın futbolçularına belə oyun üçün təşəkkür edirəm. Azarkeşlər üçün baxımlı matç alındı. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

- Penalti epizodunda xeyli aqressiv göründüz. Niyə?
- Çox aqressiv deyildim. Soruşdum, təzə qanunlar olduğunu dedilər. Hər xırda epizoda penalti və cərimə zərbəsi versələr... Bundan əvvəl də bəzən hakimlərə öz fikirlərimi bildirmişəm. Onların əllərində o qədər qanunlar var ki, nə desək, doğrunu açıb göstərəcəklər. Adi vəzyyətlərdə o qədər sarı vərəqələr verilib. Belə matçlarda aqressiya daha çox olur. Deyirlər yeni qanunlar var. Ona görə fikir bildirə bilmirik. Narazılığımı bildirib, epizoda baxdım.

- Oyun bazar günü keçirilməli idi. Amma bu günə salındı. Bu amilə fikriniz necə oldu?
- Oyun bizdən asılı olmayan səbəblərə görə təxirə salınmışdı. Ölkəmizdə "Formula-1" Qran-prisi var idi. Bəzən belə hallar olur. Biz də avrokuboklarda oynayanda, bəzən qarşılaşmamızın təxirə salınmasını istəmişik. Hər halda, etirazımız yoxdur.

- "Qəbələ" ilə oyununuzun vaxtı da sürüşdürüldü. Bu barədə fikriniz necədir?
-Bunu hər iki tərəf istədi. Bizim çox vaxtımız var idi və idman formamızdan uzaq düşə bilərdik. Bugünki oyunda da güc sərf etdik. Düşünürəm, "Qəbələ"yə də, bizə də faydası oldu. PFL tərəfdən də etiraz edilmədi.
 

writer photo
Əlirza Əlirzalı
0