“Sabah bizi çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmaq lazımdır".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçiriləcək oyun barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis Poznan stadionunda baş tutacaq ilk qarşılaşma öncəsi mətbuat konfransında iştirak edib. Qurbanov sabahkı matç barədə bunları söyləyib: “Bizim kimi, rəqibin də oyunçuları istəklidir. Uzun fasilədən sonra çempion oldular. Açıqlamalarından da görünür ki, çox istəklidirlər. Ayrı-ayrılıqda yaxşı oyunçuları var. Fərqli ölkələrdən legionerləri olsa da, eyni düşüncədədirlər. Yeni baş məşqçinin rəhbərliyi altında çıxış edəcəklər. Yəqin ki, o da komandanın ümumi oyun üslubundan əl çəkməyəcək. Meydanda çox düşünməli olduğumuz oyun olacaq. Xüsusən də, ilk dəqiqələrdən yaxşı çıxış etməliyik. Yaxşı oyun sərgiləmək istəyirik. Rəqibin yaxşı azarkeşləri, gözəl stadionları var. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarını sərgiləmək üçün hər şeyi edəcəklər".
- Avstriya toplanışından sonra heyətlə bağlı son durum nə yerdədir və komandanın formasından nə qədər razısız?
- Çox vaxtımız olmadı. Buna baxmayaraq, komandanı oyuna hazırlaya bildik. Çalışdıq ki, matça kimi problemlərimiz az olsun. Futbolçuların hamısı sağlamdır, heç bir problemimiz yoxdur. Sadəcə, hazırlaşmağa vaxtımız az oldu. Ümumi bir narazılığım yoxdur. İstər-istəməz tam hazır ola bilmərik. Ancaq təcrübəmizə güvənirik. İnanıram ki, cavab görüşünə daha hazırlıqlı olacağıq.
- İki il əvvəl qarşılaşdığınız "Legiya" ilə "Lex" arasında nə kimi fərqlər var?
- "Legiya" ilə "Lex" fərqli komandalardır, fərqli futbol oynayırlar. Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik, hətta böyük fərqlə. Amma bizim üçün heç də asan olmamışdı. "Lex" meydanda fərqli hücumlardan istifadə etməyi bacarır. Mövqe olaraq yaxşı hücumlar qurur. Biz isə daha çox öz oyunumuz barədə düşünürük.
- Sabahkı oyunda "Qarabağ"ı favorit saymaq olar?
- Heç vaxt deməmişəm ki, hansısa oyunun favoritiyik. Komandamın ilboyu oynadığı futbola, nəticələrinə önəm vermişəm. "Lex" də ilboyu avrokubok səviyyəsində oyunlar göstərir. Polşa çempionatı digər liqalardan çox fərqlidir. Favorit deməzdim, sadəcə istəkli komandayıq. Belə oyunda favorit yoxdur. Futbolçularla, rəhbərliklə, azarkeşlərlə tam şəkildə köklənmişik. "Lex"ə hörmətlə yanaşıram. Onların iş prinsipi ilə maraqlanmışam. Onların oyunçuları barədə ayrı-ayrılıqda məlumat toplamışıq. Heç bir komandanı üstün və ya zəif saymıram. İnanıram ki, sabah iki yaxşı komanda mübarizə aparacaq.
- "Legiya" ilə oyun 44 günlük II Vətən Müharibəsi dönəminə düşdü. Əsgərlərimiz səngərdə, siz isə meydanda qələbə qazandınız. Bildirmişdiniz ki, uşaqlara əlavə motivasiya verməyə ehtiyac yoxdur. Həmin matçla bağlı xatirələrinizi necədir?
- Heç də asan günlər deyildi. O oyuna komandanı motivasiya etmək asan deyildi. Hər bir səhv oyunçulara mənfi təsir göstərə bilərdi. Həmin gün futbolçular qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməyi bacardılar. Motivasiya heç də həmişə müsbət təsir etmir. Bəzən əks təsir göstərir. Böyük zəfərdən sonra futbolçuları motivasiya etmək daha asan idi. Komandanı indi başqa cür motivasiya etmişik. Biz o günləri yaddan çıxarmırıq, həmişə xatırlayırıq. Bu gün hər şey qaydasındadır, torpaqlarımız bizdədir. Bu dəfə sırf idman prinsiplərinə, rəqibi yaxından tanımağa və 11-11-ə mübarizəyə köklənmişik.
- "Lex"in heyətində xüsusi diqqət yetirməli olduğunuz futbolçular var?
- Adlarını bir-bir açıqlasam düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi yuxarı olan, qol vurmaq qabiliyyəti olan futbolçulardır. Hər mövqedə lider futbolçuları var. "Lex"in bütün oyunçularına diqqət yetirməliyik ki, istədiyimiz nəticəni əldə edə bilək.
Qeyd edək ki, “Lex” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu komandalar arasında cavab qarşılaşması iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.